Efiopiyada safari zamanı türkiyəli iş adamları Erdoğan Akbulak və Cengizhan Güngörün silahlı hücum nəticəsində öldürülməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Bizim Media xəbər verir ki, həlak olan iki türk vətəndaşı ilə eyni safariyə qatılan Tarık Hotamışlıgil yaşadıqlarını danışıb:
“Güclü atəşə tutulduq. Biz qaça bildik, amma onların olduğu avtomobilin təkərlərinə güllə dəydi, qaça bilmədilər. Bir az pul, bir az əşya üçün bu gözəl insanları qətlə yetirdilər. Acı çox böyükdür”.
Xatırladaq ki, Efiopiyada safari zamanı iki Türkiyə vətəndaşı – Erdoğan Akbulak və Cengizhan Güngör silahlı hücum nəticəsində həyatını itirib. Hadisə 12 yanvar tarixində Efiopiyada Tum şəhəri yaxınlığında baş verib. Hücumdan iki türk vətəndaşı sağ çıxıb, onlardan biri Tarık Hotamışlıgildir.
Safari zamanı həyatını itirən iki türk vətəndaşı ilə bağlı yeni detallar açıqlanıb. Silkar Madencilik şirkətinin sahibi Erdoğan Akbulak və Cengizhan Güngör ilə birlikdə səfərdə olan Tarık Hotamışlıgil hücum anında baş verənləri izah edib.
Məlumata görə, 12 yanvar səhəri safari edən qrupun hərəkət etdiyi karvana atəş açılıb. Hücum nəticəsində üç nəfər həyatını itirib. Ölənlər arasında iki türk iş adamı ilə yanaşı, karvanın efiopiyalı sürücüsü də olub.
Hücumdan son anda xilas olan iki türk vətəndaşından biri olan Tarık Hotamışlıgil yaşadıqlarını Instagram hesabında paylaşıb:
“Efiopiyaya yeni bir mədəniyyəti tanımağa, birlikdə foto çəkməyə, təəccüblənməyə getmişdik. Təəssüf ki, həyat buna imkan vermədi”.
Hotamışlıgil bildirib ki, güclü atəş altında qalıblar, özləri qaça bilsələr də, Akbulak və Güngörün olduğu avtomobilin təkərlərinə güllə dəydiyi üçün həmin maşın hərəkət edə bilməyib.
O, paylaşımında həmçinin qeyd edib:
“Erdoğanla düz 40 il qardaş kimi yaşadıq. Bir az pul, bir az əşya üçün bu gözəl insanları qurban verdilər. Acı çox böyükdür. Bu yara necə sağalar, bilmirəm. Ruhları şad olsun, heç vaxt unudulmayacaqlar”.
Türkiyənin Addis-Abebadakı səfiri Berk Baran hadisə ilə bağlı açıqlama verərək, hücum zamanı dörd türk vətəndaşının iki avtomobillə hərəkətdə olduğunu, öndə gedən avtomobildə olan iki nəfərin xilas ola bildiyini bildirmişdi.


Bizim Media

































































































