Böyük Britaniya və onun NATO-dakı müttəfiqləri, əgər Ukraynada “istəklilər koalisiyası” Rusiya prezidenti Vladimir Putini cilovlamaq üçün effektiv vasitəyə çevrilməlidirsə, hərbi imkanlarını modernləşdirməlidirlər.
Bizim.Media xəbər verir ki, bu barədə The Independent nəşrinə keçmiş Kral Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Qərargahının sabiq rəisi ser Cok Stirrup bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya “köhnəlmiş nüvə doktrinası” səbəbindən iflic vəziyyətinə düşüb və etiraf etməlidir ki, çəkindirmə yalnız nüvə silahına deyil, “imkanlar spektrinə” əsaslanır.
Stirrupun hesabatında Böyük Britaniya və müttəfiqlərinə nüvə komponenti olan genişmiqyaslı hərbi təlimlərin bərpası tövsiyə olunur. Məqsəd Rusiyaya, Çinə və digər ölkələrə qarşı “tammiqyaslı nüvə müharibəsinə sürüşmə” riskini göstərmək və bunu “koqnitiv çəkindirmə faktoru” kimi istifadə etməkdir.
Hesabat Policy Exchange təşkilatının Nüvə Enerjisi Komissiyasının koordinatoru Daniel Skeffinqtonla birgə hazırlanıb.
Sənəddə vurğulanır: “Qərb dövlətlərinin Ukraynada Rusiya təcavüzünü cilovlaya bilmədiyi aydındır, çünki onlar Rusiya rəhbərliyi üçün real əhəmiyyət kəsb edən çəkindirmə vasitələrindən istifadə etməyiblər”.
Ekspertlərin fikrincə, Böyük Britaniya əsasən sualtı qayıqlara əsaslanan nüvə çəkindirmə vasitələrinə güvənməyə başlayıb.
Policy Exchange-in sənədində qeyd olunur ki, Böyük Britaniyanın nüvə silahları sahəsində intellektual potensialı – vaxtilə müttəfiqlərin çəkindirmə doktrinasının ön sıralarında olan bu potensial – 1989-cu ildən bəri xeyli zəifləyib. Sənədə görə, təhlükəsizlik sahəsində vəziyyətin davamlı şəkildə pisləşməsi Britaniyanın rəqiblərinin istifadə etdiyi boşluqlar yaradıb.
“Şübhəsiz ki, son iyirmi ildə prezident Putinin aqressiv ekspansionist niyyətlərinə dair sübutlar və Çinin nüvə imkanlarının sürətli inkişafı bizi dövlətlər və alyanslar arasında çəkindirmə məsələsinə yenidən baxmağa vadar edib”, – sənəddə bildirilir.
Eyni zamanda, 2011–2014-cü illərdə NATO-nun Avropadakı ali baş komandanının müavini olmuş ser Riçard Şirreff qeyd edib ki, Rusiyanın mümkün hücumunu dayandırmaq üçün Ukraynada azı 50 min hərbçi tələb olunacaq.
“The Independent” xatırladır ki, keçmiş müdafiə naziri Qavin Uilyamson da simvolik sayda qüvvənin yetərli olmayacağını deyib və Böyük Britaniyanın Soyuq müharibə dövründə İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniyada yerləşdirilmiş, 40 mindən çox hərbçidən ibarət “Reyn ordusu”na bənzər bir kontingentə ehtiyac duyacağını bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:58 / 08.01.2026
Britaniya və NATO-nun nüvə hədələri Rusiyanı dayandırmaq üçün niyə yetərli deyil
Hazırda oxunan: Britaniya və NATO-nun nüvə hədələri Rusiyanı dayandırmaq üçün niyə yetərli deyil
Hazırda oxunan: Britaniya və NATO-nun nüvə hədələri Rusiyanı dayandırmaq üçün niyə yetərli deyil
589648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































