Britaniya qoşunları Ukraynada Rusiyanın hücumunu necə dayandıracaq? – “The Telegraph”

Hazırda oxunan: Britaniya qoşunları Ukraynada Rusiyanın hücumunu necə dayandıracaq? – “The Telegraph”

589642

Ukraynada Britaniya qoşunlarının mümkün yerləşdirilməsi məsələsi gələcək sülh razılaşması ətrafında gedən müzakirələr fonunda yenidən Qərbin diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph yazıb.

Mənbə qeyd edir ki, London Fransa və ABŞ-la birlikdə atəşkəsə riayət olunmasını təmin edəcək ssenarilər üzərində işləyir, lakin Rusiya ilə birbaşa toqquşmaya yol vermədən.

Tarixi presedent mövcuddur. 1999-cu ildə Kosovoda Britaniya və Rusiya qoşunları silahlı qarşıdurmanın bir addımlığında idi. Lakin britaniyalı general ser Mayk Cekson NATO-nun əmrini yerinə yetirməkdən imtina edərək demişdi: “Cənab, sizin xatirinizə Üçüncü dünya müharibəsini başlatmaq niyyətində deyiləm”. Qarşıdurma atəş açılmadan bitmişdi.

Bu gün isə vəziyyət xeyli mürəkkəbdir: Ukrayna neytral ərazi deyil və Rusiya artıq tammiqyaslı müharibə aparır.

Bu, klassik sülhməramlılar deyil

London Kral Kollecinin hərbi tədqiqatlar üzrə fəxri professoru Lourens Fridmanın sözlərinə görə, söhbət BMT-nin “mavi dəbilqəli” ənənəvi sülhməramlı missiyalarından getmir.

Əsas dilemma: nə vaxt atəş açmaq olar?

Bosniyada britaniyalı sülhməramlılara komandanlıq etmiş polkovnik Bob Stüart xəbərdarlıq edir ki, qeyri-müəyyən mandatlar ölümcül ola bilər.

“Əsgərlərə nə etməli olduqlarını dəqiq demək son dərəcə vacibdir. Amma eyni zamanda onlara çeviklik də lazımdır”, — deyə o izah edir.

Ruanda və Srebrenitsada baş vermiş faciələrin səbəblərindən biri də məhz güc tətbiqi qaydalarının qeyri-müəyyənliyi idi. Ukrayna kontekstində əsas sual budur: əgər Rusiya razılaşmanı pozsa, lakin britaniyalıların bazalarına birbaşa hücum etməsə, Britaniya əsgərləri döyüşə girəcəkmi?

Qoşun sayı yetərlidirmi?

Hətta ən optimist ssenaridə belə Avropa resurs çatışmazlığı ilə üz-üzədir. Fridmanın hesablamalarına görə, ərazidə daimi olaraq 15 min hərbçi saxlamaq üçün rotasiyalarla birlikdə azı 45 min şəxsi heyət lazımdır.

“Böyük Britaniya və Fransa təkbaşına iri kontingent yerləşdirmək gücündə deyil”, — deyə ekspert etiraf edir.

Məhz buna görə də bu il fransız-britaniya koalisiyası yaratmaq cəhdləri dalana dirənmişdi.

Amerika faktoru

ABŞ olmadan cilovlama sistemi natamam görünür. Baş nazir Kir Starmer alternativ təklif irəli sürmüşdü: Ukrayna ilə qonşu ölkələrdə Amerika aviasiyasının yerləşdirilməsi. Ağ Ev əvvəlcə bu ideyanı rədd etsə də, bu həftə Donald Tramp ABŞ-ın “xüsusən havadan kömək etməyə hazır olduğunu” bəyan edib.

Nəticədə kompromis ssenari mümkün görünür:

Ukraynada Avropa quru qoşunlarının məhdud iştirakı, güclü hava və dəniz dəstəyi, münaqişə zonasına yaxın ərazilərdə Amerika təyyarələri və raketləri.

ATƏT dərsi və “sülh illüziyası” təhlükəsi

ATƏT-in Ukraynadakı keçmiş missiya rəhbəri Aleksandr Huq xatırladır ki, Minsk razılaşmalarının əsas problemi müşahidənin yox, pozuntulara görə cəza mexanizminin olmaması idi.

Ekspertlərin fikrincə, ikinci dəfə bu səhvin təkrarlanmasına yol vermək olmaz.

“Tələ”, yoxsa sülh?

Əslində Qərb hərbçilərin “tələ” adlandırdığı modeli nəzərdən keçirir — kiçik kontingentin mövcudluğu hücumu həddən artıq riskli edir.

Fridmanın sözləri ilə desək: “Rusiyada risk hissini artırırsınız. Putin anlamalıdır ki, istənilən güllə eskalasiya deməkdir”.

Lakin bu strategiya hərbçiləri “tale girovuna” çevirir və mükəmməl hazırlıq, etimad və siyasi aydınlıq tələb edir.

Polkovnik Stüart yekunlaşdırır: “Tətiyi çəkməzdən əvvəl əsgər özünə sual verməlidir: bu addım vəziyyəti daha da təhlükəli etməyəcəkmi?”.

Burada “cilovlama qüvvələri” nəzərdə tutulur — Avropa qoşunları, hansı ki, onların mövcudluğu Rusiyanın istənilən hücumunu avtomatik olaraq Qərblə münaqişəyə çevirəcək.

Fridman vurğulayır: “Döyüşməyə hazır olmalısan. Əks halda bu barədə danışmağın mənası yoxdur”.

UİNİAN-ın məlumatına görə, sülh razılaşması bağlanarsa, Böyük Britaniya və Fransa Ukraynaya əvvəl gözləniləndən daha az — təxminən 15 min hərbçi göndərəcək. Əvvəlcə 64 min nəfərlik “istəkli koalisiya” çərçivəsində 10 min britaniyalı əsgərin göndərilməsi təklif olunsa da, Britaniya ordusunun mövcud sayı bunu mümkünsüz edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin