Xəbər verdiyimiz kimi, yanvarın 6-da Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşünün nəticələrinə əsasən Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın müdafiəsi, bərpası və strateji dayanıqlığına dəstək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi imzalayıblar.
MÖVZU İLƏ BAĞLI:
Zelenski, Makron və Starmer arasında Niyyət Bəyannaməsini imzalandı - VİDEO
Sənəd Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.
Aydın məsələdir ki, Rusiya belə bir sənədin praktiki tətbiqinə bütün vasitələrlə əngəl olacaq. Çünki Rusiya üçün özündən savayı Ukraynada hər hansı digər bir xarici qüvvənin olması yolverilməzdir.
Bu mənada maraqlıdır, Qərb tərəfindən Ukraynanın təhlükəsizliyi necə qorunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, imzalanan bəyannamə əhəmiyətsiz sənəd olaraq Ukraynanın təhlükəsizliyinə zəmanət vermir:
“Yanvarın 6-da Parisdə Ukraynaya təhlükəsizlik təminatı ilə bağlı iki bəyannamə imzalandı. Onlardan biri “istəklilər koalisiyası”, digəri isə Ukrayna, Fransa və Böyük Britaniya tərəfindən. Bu sənədlərdə Ukraynanın təhlükəsizliyinin təmini üçün çoxsaylı müddəalar yer alıb. Ukraynada hərbi bazaların yaradılması, sülhməramlı qüvvələrin yeridilməsi, ölkə ordusunun təminatı kimi məsələlər bu bəyannamələrdə öz əksini tapıb”.
“Zəmanət o halda mümkün ola bilər ki...”
Ekspert qeyd edir ki, Moskva belə bir bəyannamənin həyata keçməsinə bütün vasitələrlə əngəl olacaq və nəticədə sənəd işlək olmayacaq:
“Həmin sənədlər qəbul olunsa təbii ki, Ukraynanın təhlükəsizliyinə təminat verə bilər. Ancaq aydındır ki, Rusiya buna razılıq verməyəcək. Onun razılıq verməyəcəyi bəyannamənin işləməsi isə qeyri-mümkündür.
Bu o halda mümkün olar ki, bəyannamələrin əleyhinə çıxan və bununla da sülh sazişini imzalamaq istəməyən Rusiyaya qarşı ABŞ tərəfindən kəskin tədbirlər görülsün və təkcə iqtisadi sanksiyalarla kifayətlənməsinlər. Eyni zamanda, Ukraynaya daha çox hərbi yardım göstərilsin və Rusiyanı məğlub etmək üçün əlindən gələni əsirgəməsinlər.
Ancaq aydındır ki, Tramp adminstrasiyası bu addımı atmayacaq. Tramp daha çox zəif halda olan Zelenskiyə təzyiq göstərir. O korrupsiya məsələsilə də şantaj olunur. Belədə, Vaşinqtonun aktiv şəkidə antirusiya mövqeyi tutmayacağı halda, bu cür bəyannamələrin heç bir əhəmiyyəti olmayacaq”.
“Əhəmiyyətsiz və bazarlığa hesablanmış sənəddir”.
Müsahibimizin sözlərinə görə, Avropa təkbaşına Kiyevə təhlükəsizlik təminatı vermək gücündə deyil:
“Bu cür bəyannamələr mövcud situasiyada tam olaraq əhəmiyyətsiz bir sənəddir. Çünki Avropa təkbaşına təhlükəsizlik təminatı verə bilməyəcək. Olsa-olsa bu cür bəyannamələr bazarlığa yönəlik addım sayılacaq. Ukraynanın indiki və sülhdən sonra gələcək vəziyyətində bu Ukrayna üçün heç bir təhlükəsizlik təminatı yaratmayacaq.
Əslində bu sənədlərin imzalanmasının kökündə Avropanın özünü qorumaq istəyi dayanır. Ona görə də Kiyevə əllərindən gələn köməyi göstərmək istəyirlər ki, Rusiya Ukrayna sərhədini aşıb, Avropaya tərəf gəlməsin. Məqsəd budur”.
Rüfət Sultan, Bizim.Media
































































































