Bu ilki aralıq seçkilərdə respublikaçılar Konqresə nəzarəti saxlaya bilməsələr, demokratlar ABŞ Prezidentinə yenidən impiçment elan edəcəklər.
Bizim.Media “NBC News” telekanalına istinadla xəbər verir ki, bu barədə Prezident Donald Tramp Nümayəndələr Palatasında respublikaçıların siyasi sammitində çıxışı zamanı deyib.
“Siz aralıq seçkilərdə qalib gəlməlisiniz. Əgər biz qalib gəlməsək, onlar (demokratlar) mənə impiçment elan etmək üçün bir səbəb tapacaqlar. Mən impiçmentə məruz qalacağam”, - deyə o xəbərdarlıq edib.
Xatırladaq ki, noyabrda keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, senatorların isə üçdə biri yenidən seçiləcək. Seçkinin nəticələri Trampın ikinci prezidentlik müddətinin son iki ilində respublikaçıların öz proqramlarını həyata keçirməyə davam edib-etməyəcəyini müəyyənləşdirə bilər.
ABŞ tərəfindən Venesuelada prezident Nikolas Maduronun tutulması əməliyyatından sonra Nümayəndələr Palatasının Kaliforniyadan olan demokrat üzvü Maksin Uoters deyib ki, Trampın hərəkətləri impiçment üçün əsas ola bilər.
Tramp 2019-cu və 2021-ci illərdə Nümayəndələr Palatasında iki dəfə impiçment elan edilmiş yeganə prezidentdir. Senatda bu mövqeyi dəstəkləyənlər hər iki halda onu mühakimə etmək üçün üçdə iki səs çoxluğu qazana bilməyiblər.
Bizim.Media































































































