Ukrayna üzrə sülh danışıqları Venesuelaya görə “ilişib qalıb” – The Independent

Hazırda oxunan: Ukrayna üzrə sülh danışıqları Venesuelaya görə “ilişib qalıb” – The Independent

589298

ABŞ-ın diqqətini Venesuelaya yönəltməsi səbəbindən Parisdə Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş qeyri-müəyyən olaraq qalır.

Bizim.Media xəbər verir ki, bu barədə The Independent yazıb.

Jurnalistlər qeyd edirlər ki, Parisdə Ukraynanın müttəfiqlərinin görüşünün məqsədi Rusiya ilə mümkün atəşkəsdən sonra ölkənin təhlükəsizliyinin necə təmin olunacağını müəyyənləşdirməkdir. Lakin ABŞ administrasiyasının diqqət mərkəzini Venesuelaya dəyişməsi bu görüşün perspektivlərini sual altına alır.

ABŞ əməliyyatına başlamazdan əvvəl Fransa prezidenti Emmanuel Makron “İstəkli ölkələr koalisiyası”nın görüşü ilə bağlı nikbin mövqe sərgiləmişdi. Son bir neçə ay ərzində bu ölkələr Rusiya Ukraynaya qarşı döyüş əməliyyatlarını dayandıracağı təqdirdə, gələcəkdə mümkün yeni təcavüzün qarşısının necə alınacağını müzakirə edirdilər.

Görüşdə ümumilikdə 35 iştirakçının, onlardan 27-nin dövlət və hökumət başçısı olacağı gözlənilir. ABŞ-ı prezident Donald Trampın elçiləri – Stiv Uitkoff və Cared Kuşner təmsil etməlidir. İştirakçıların məqsədi hərbi əməliyyatlar başa çatdıqdan sonra beş əsas prioritet üzrə konkret nəticələr əldə etməkdir: atəşkəsə nəzarət mexanizmləri; Ukrayna Silahlı Qüvvələrinə dəstək; quruda, dənizdə və havada çoxmillətli qüvvələrin yerləşdirilməsi; Rusiyanın mümkün yeni təcavüzü halında öhdəliklər; Ukrayna ilə uzunmüddətli müdafiə əməkdaşlığı.
 

Lakin The Independent yazır ki, Trampın Venesuelada rəhbərliyin dəyişdirilməsi ilə bağlı qərarının nəticələri ilə məşğul olduğu bir vaxtda bu planların çərşənbə axşamı reallaşdırılmasının nə dərəcədə mümkün olduğu hələ aydın deyil.
 

Daha əvvəl Bloomberg xəbər vermişdi ki, Parisdə keçiriləcək görüş zamanı tərəflər ABŞ qoşunlarının Ukraynada mümkün iştirakı məsələsini də müzakirə edəcəklər. Bildirilir ki, ABŞ atəşkəsə nəzarətdə, o cümlədən kəşfiyyat məlumatlarının təqdim edilməsi yolu ilə kömək göstərməyə hazırdır.


Bu arada Reuters yazır ki, Paris görüşünün əsas məqsədi gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı töhfələrin maksimum dərəcədə uzlaşdırılmasıdır ki, bu da Rusiya ilə müharibə dayandırılacağı təqdirdə Kiyevi sakitləşdirməyə xidmət etməlidir. Qeyd olunur ki, Ukrayna müttəfiqlərdən təhlükəsizlik zəmanətlərinin kağız üzərində aydın şəkildə təsbit edilməsini istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin