Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə Maduro və həyat yoldaşı tutulub. Onlar ölkədən çıxarılaraq ABŞ-a aparılıb.
Hüquqi yoxsa siyasi qərar?
Maduronun cinayətkar olması ilə bağlı nə beynəlxalq məhkəmənin, nə də BMT Təhlükəsizlik Şurasının qərarı var. Yalnız Trampın birinci prezidentlik dönəmində, yəni 6 il əvvəl ABŞ məhkəməsi onu “narkoterrorizm”də ittiham etmişdi. 2020-ci ildə federal prokurorlar iddia etmişdi ki, Maduro və ətrafı Kolumbiya üsyançı qrupu FARC ilə əməkdaşlıq edərək ABŞ-a kokain və silah daşıyıb.
MÖVZU İLƏ BAĞLI:
Maduronun gedişi bazarlarda ÇAXNAŞMA YARATDI – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ
Təbii ki, o zaman da ABŞ prokurorluğu ortaya konkret fakt qoymamışdı. Sadəcə, ümumi söz yığınından ibarət bir bir ittihamnamə hazırlanmışdı.
Ona görə də beynəlxalq hüquqa əsaslansaq, Maduronun yatağından oğurlanıb aparılmasının hüquqi əsası yoxdur. Bu addım həm də təhlükəli presedent yaradır. Yəni, Maduronun həbsi siyasi yöndən əsaslandırılmağa çalışılsa da, beynəlxalq hüquqa tam ziddir.
Venesuela neftinə ABŞ nəzarət edəcək
Hər kəs bilir ki, Tramp son qərarı ilə təkcə Maduronu ələ keçirmədi, həm də Venesuelanın təbii sərvətlərinə çıxış imkanı qazandı. Yada salaq ki, Venesuela dünyada təsbit olunmuş neft ehtiyatlarının 17,2 faizinə, yəni 304 milyard barelə sahibdir. Yəni bu ölkə neft ehtiyatlarına dünya birincisidir. Venesuela digər təbii sərvətlərə görə də zəngin ölkədir.
Görünən odur ki, bundan sonra Venesuelanın təbii sərvətlərinin sərəncamçıları Kararkasda yox, Vaşinqtonda oturanlar olacaq. Əslində Amerikada bunu heç gizlətmirlər də. ABŞ Prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ Venesuelada vəziyyətə nəzarət edir.
Tramp hazırda orada hakimiyyətdə olan insanlarla təmasda olduqlarını bildirib.
ABŞ lideri hazırda Venesuelada prezident səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodrigezlə şəxsən danışmadığını, lakin başqalarının onunla artıq əlaqə yaratdığını vurğulayıb. O, Rodrigezin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib.
"Venesuela hazırda ölü bir ölkədir. Biz onu geri qaytarmalıyıq və infrastrukturu işlək vəziyyətə gətirmək üçün neft şirkətlərinin böyük investisiyalarına ehtiyacımız olacaq",- deyə Tramp bildirib.
ABŞ prezidenti Venesuelanın yeni və müvəqqəti rəhbəri Delsi Rodrigezin “səhv addım” atacağı təqdirdə onun üçün nəticələrin Nikolas Maduroya tətbiq edilən tədbirlərdən daha sərt ola biləcəyini bildirib.
Göründüyü kimi Tramp adminstasiyası Venesuelaya artıq özünün bir koloniyası kimi baxır. Gələcəkdə də bu ölkədə daha sərt tədbirlərin tətbiq edilə biləcəyini gizlətmirlər.
Maduronun həbsi Rusiya və Çinlə razılaşdırılıb?
Qəribədir ki, Venesula prezidentinin və onun xanımının həbs edilib Nyu-Yorka aparılmasına dünyanın aparıcı dövlətləri də ciddi etiraz etmədilər. Doğrudur, Rusiya, Çin və İran xarici işlər nazirliyi səviyyəsində ABŞ-ın bu addımının hüquqazidd olduğunu vurğulayan bəyanatlar verdilər. Ancaq onların narazılığı bəyanatdan o tərəfə keçmədi.
Halbuki, Venesuela hər üç ölkənin strateji tərəfdaşı idi. Bu da o anlama gəlir ki, Maduronun ələ keçirilməsi adını çəkdiyimiz və çəkmədiyimiz iri dövlətlərlə razılaşdırılıb.
Trampın Putinlə danışıqlarında prioritetin Ukrayna deyil, dünyanın yenidən bölüşdürülməsi olduğunu dəfələrlə qeyd etmişik. Putinin sabiq dostunun həbsinə ciddi reaksiya verməməsi də onu göstərir ki, Maduronun qələmi çoxdan - yəqin ki, Alyaska görüşündə qırılıb.
Çinin yumşaq reaksiyasının səbəbini isə Tramp özü izah edib. O bildirib ki, “biz Çinə yenə də Venesuela neftini satacağıq”. Görünən odur ki, rəsmi Pekinlə Tramp adminstrasiyası çoxdan dil tapıb.
Növbədə hansı ölkələrdir?
Maduronun həbsindən sonra ABŞ Prezdenti Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bildirib ki, bu dövlətlər də narahat olmalıdırlar.
Maraqlıdır ki, ABŞ-ın hədəfində heç bir Avropa, Asiya və Afrika ölkəsi yoxdur. Bütün hədəflər Amerika qitəsindədir. Bu da səbəbsiz deyil.
Yada salaq ki, ötən ay ABŞ administrasiyası tərəfindən Milli Təhlükəsizlik Strategiyası açıqlandı. Sənəddə Vaşinqtonun qlobal prioritetlərindəki dəyişiklik diqqətdən yayınmadı. Belə ki, yeni Strategiyada ABŞ-ın Avropaya və Rusiyaya münasibəti xeyli dəyişkəndir. Hətta ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Avropanı Rusiyanın təhdidi qarşısında tək qoyur. Yəni bir müddət Vaşinqton əlini Avropanın üzərindən çəkib, bütün diqqəti Amerika qitəsinə yönəltmək istəyirş
ABŞ strategiyası Qərb yarımkürəsini - Şimali, Mərkəzi və Cənubi Amerika ərazilərini öz maraq dairəsi kimi açıq şəkildə müəyyən edir. Bunu ABŞ-ın Karib dənizindəki Venesuelaya qarşı hərəkətlərində, o cümlədən Qrenlandiya və Kanada ilə bağlı açıqlamalarda görürük. Bu da Amerikanın yaxın illərdə dünyaya necə baxdığının göstəriciləridir. Bu yanaşma ABŞ Müdafiə Nazirliyinin yenidən təşkili və hərbi resursların yeni bölgüsü ilə özünü bir daha sübut edib.
Avropa və Çini nə gözləyir?
Eyni zamanda, Vaşinqtonun Rusiyaya qarşı mövqeyi Avropanın təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməsini nəzərdə tutur. Görünür, ABŞ Avropaya “problemlərinizi özünüz həll edin” deyib. Eyni zamanda, ABŞ-ın NATO-ya nə qədər sadiq qalacağı da sual altındadır.
Çinlə münasibətlərə gəlincə isə Vaşinqtonun Sakit okean üzərində nəzarəti Pekinə vermək niyyəti yoxdur. Tramp Administrasiyasının dediklərindən və etdiklərindən belə bir təəssürat yaranır ki, ABŞ Sakit okeanda öz gücünü qoruduğu müddətdə Tayvan məsələsini gündəmə gətirməyəcək.
Son olaraq onu deyə bilərik ki, 2026-cı ildə Amerika Avropada, Asiyada və Afrikada o qədər də fəal olmayacaq. Bir müddət Avropa Rusiyanın, Asiya və Afrika isə Çinin nəzarətində olacaq. ABŞ isə yalnız Amerika qitəsindəki ölkələri “nizama salmaqla” məşğul olacaq.
Surxay Atakişiyev, Bizim.Media



































































































