“Vətənin müdafiəsi naminə silaha sarılmağa hazıram və əminəm ki, ABŞ mənimlə Venesuela lideri Nikolas Maduroya qarşı olduğu kimi davranmağa cəhd edərsə, ölkə əhalisi məni müdafiə edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.
“Baxmayaraq ki, mən heç vaxt hərbçi olmamışam, ancaq müharibənin və gizli mübarizənin nə olduğunu bilirəm. 1989-cu il sülh sazişindən sonra bir daha silah götürməməyə and içmişdim, amma vətən naminə sevmədiyim silahı yenidən əlimə alacağam”, — Petro əlavə edib.
Xatırladaq ki, gəncliyində Petro sol-radikal “19 Aprel Hərəkatı”nın (M-19) üzvü olub.
O, dövlətin ziyanına yalan məlumat ötürdüklərinə görə polis kəşfiyyat xidmətində çalışan bir neçə polkovniki vəzifədən kənarlaşdırmaq barədə göstəriş verdiyini açıqlayıb.
“Ümid edirəm ki, ABŞ dövlət katibi Marko Rubio bu uydurmalara inanmır”, — deyə Petro vurğulayıb.
Yeri gəlmişəkən, ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyat keçirilməsi ehtimalını istisna etməyib.
Bizim.Media



































































































