Almaniyada günəş panelləri "bum"u müşahidə olunur. Belə ki, almanlar panelləri xüsusən mənzilin eyvanına quraşdırmağa üstünlük verirlər. Bu panellər 4-7 il ərzində öz xərclərini ödəyir və bundan sonra panel sahibləri üçün elektrik enerjisi pulsuz olur.
“Deutsche Welle” nəşrinin məlumatına görə, son üç il ərzində ölkədə "rozetka"ya qoşulan 1 milyondan çox kiçik günəş paneli quraşdırılıb.
Almaniya bunu necə bacardı?
Bildirilir ki, ev təsərrüfatları üçün günəş panelləri getdikcə daha əlçatan olur. Son iki ildə onların qiyməti iki dəfə ucuzlaşıb: kiçik modelləri 200 avrodan (233 dollar) başlayan qiymətə almaq mümkündür, akkumulyatorlu iri sistemlər isə 1000 avrodan (1166 dollar) ucuz başa gəlir.
Nəşr vurğulayır ki, Almaniyada günəş panellərinin populyarlığının artmasına həm qiymətlərin azalması, həm də onların quraşdırılmasının stimullaşdırılması səbəb olub.
“2023-cü ildən etibarən ölkədə fərdi günəş qurğuları ƏDV-dən azad edilib, 2024-cü ilin payızından isə kirayəçilərə və mənzil sahiblərinə balkonlarında günəş modulları quraşdırmağa icazə verilib”, deyə “DW” qeyd edir.
Günəş panellərinə olan bu maraqdan həm sahiblər, həm də digər istehlakçılar faydalanır. Nəşr bildirir ki, bu panellərlə istehsal olunan elektrik enerjisi şəbəkədən alınan cərəyandan iki dəfə ucuzdur. Berlin Tətbiqi Elmlər Universitetinin məlumatına görə, panel sahibləri 4–7 il ərzində qoyduqları vəsaiti geri qaytarır, bundan sonra isə öz ehtiyacları üçün istehsal etdikləri elektrik enerjisi pulsuz olur.
Bundan əlavə, panellərin tez-tez dəyişdirilməsinə ehtiyac yoxdur. Günəş modulları 30 ildən çox işləyə bilir, akkumulyatorların isə istismar müddəti 10–15 ildir.
Bu təcrübə ölkəmizdə də tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu məsələ dünyanın çox ölkəsində gündəmdədir:
“Türkiyədə də günəş panellərindən geniş şəkildə istifadə edirlər. Qardaş ölkədə təşviq proqramları çərçivəsində dövlət bu sahəyə faizsiz kredit də verir. Ona görə də bu ölkədə fərdi evlərdə günəş panellərinin quraşdırılması ənənəsi yaranıb. Almaniya da bu sahədə öndə gedən ölkələrdəndir. Təsadüfi deyil ki, elektrik enerjisinə olan tələbatın ən çoxunu alternativ mənbələrdən əldə edən ölkələr arasında Almaniya birincidir.
Onu da qeyd edim ki, Türkiyədə əhali günəş panellərindən təkcə öz ehtiyacları üçün enerji istehsal etmirlər. Həm də istehsal etdikləri artıq enerjini digər şəxslərə və yaxud dövlətə sata bilirlər. Beləcə insanlar həm pulsuz enerji, həm də qazanc əldə edə bilirlər.
Hesab edirəm ki, Azərbaycanda Türkiyə təcrübəsinə üstünlük verilməlidir. Günəş, külək və digər enerji mənbələri əhali arasında təşviq edilməli, bunun əlçatan olması üçün bütün əngəllər aradan qaldırılmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media


































































































