Avstraliyanın Milli Elmi Agentliyi CSIRO Antarktidada apardığı tədqiqat zamanı gözlənilməz vəziyyətlə üzləşib. Belə ki, alimlər Totten buzlağı ətrafında məlumat toplamaq üçün sərbəst üzən sualtı robot buraxsalar da, güclü axın cihazı nəzərdə tutulan ərazidən uzaqlaşdıraraq Antarktidanın çətin keçilən bölgəsinə aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə BGR nəşri yazır.
Tədqiqat çərçivəsində alimlər duzluluq və temperatur sensorları ilə təchiz edilmiş üzən zondan istifadə ediblər. Qurğu hər 10 gündən bir suyun altına enib yenidən səthə qalxaraq məlumatları peyk vasitəsilə ötürməli idi. Belə cihazlar adətən okean tədqiqatlarında və iqlim dəyişikliyinin buzlaqlar və okean sularına təsirinin ölçülməsində istifadə olunur.
Eksperimentin əsas məqsədi Totten buzlağını və onun mümkün itkisinin qlobal okean səviyyəsinə təsirini öyrənmək idi. Lakin zond kursdan yayınaraq Denman buzlağının altına düşüb — bu isə müşahidə və məlumat toplanması baxımından son dərəcə əlçatmaz ərazi sayılır. Komanda qurğunun tamamilə itirildiyini düşünsə də, zond 9 ay sonra yenidən suyun səthinə çıxıb.
Ən diqqətçəkən məqam isə təqdim etdiyi məlumatlar olub. Zond Denman buzlağı və Şeklton şelf buzlağı altında hərəkət edərək dəniz dibindən şelf buzlağının alt hissəsinədək suyun temperaturunu və duzluluğunu ölçməyə davam edib. Səthə çıxa bilmədiyi üçün peykə məlumat ötürə bilməsə də, hər dəfə qalxmağa cəhd edərkən şelf buzlağına dəyib və bu proses nəticəsində alimlər buzlağın dərinliyi ilə bağlı indiyədək əldə olunmamış ölçmələr toplayıblar.
Sonradan bu göstəricilər peyk məlumatları ilə müqayisə edilib və alətlər vasitəsilə zondun hərəkət marşrutu xəritələndirilib. Ümumilikdə, missiya ərzində robot 195 məlumat profili toplayıb.
Məlumatlar göstərib ki, Şeklton şelf buzlağı hələlik isti suların təsiri ilə ərimə təhlükəsi altında deyil. Lakin Denman buzlağının altında mövcud olan isti sular onun sürətlə əriməsinə səbəb olur. Alimlərin hesablamalarına görə, təkcə bu buzlağın əriməsi dəniz səviyyəsinin 1,5 metr yüksəlməsinə gətirib çıxara bilər.
Tədqiqatçılar vurğulayır ki, bu cür risk zonalarının vaxtında müəyyənləşdirilməsi son dərəcə vacibdir. Missiya zamanı iqlim dəyişikliyinin bəzi fəsadları üçün “geri dönüş nöqtəsi”nin aşkar edildiyi ehtimal olunur və bu da dünyanın sahilyanı ərazilərinin istənilən ssenaridə təhlükə altında qala biləcəyini göstərir.
Bizim.Media



































































































