Kaliforniya ştatının San-Xose şəhərində yeni tikilmiş Şabad sinaqoqu 2021-ci il dekabrın 23-də baş vermiş yanğın nəticəsində tamamilə məhv olub.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin tvitter paylaşımında məlumat verilib.
Nəsimi Ağayev sözügedən hadisədən kədərləndiyini bildirərək, konsulluğun sinaqoqun bərpası üçün maddi vəsait ayırdığını qeyd edib. Konsul, həmçinin izləyicilərinə müraciət edərək hər kəsi bərpa işlərinə dəstək verməyə çağırıb.
Bizim.Media xəbər verir ki, sözügedən mövzuda informasiya “Jewish” jurnalında dərc olunan məqalədə öz əksini tapıb.
Belə ki, Dürdanə Ağayevanın müəllifi olduğu məqalədə Azərbaycanda yəhudi icması üçün yaradılan mühit barədə informasiya verilib.
Azərbaycanda yəhudi uşaqlar üçün təşkil olunan məktəb və uşaq baxçasının olduğu, eyni zamanda yəhudi icması üçün sinaqoqların inşa olunduğu da qeyd olunub.
“Bakıdakı heyrətamiz Ohr Avner şəhərciyi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib və 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən açılışı olub.
Bakıda iki əsas sinaqoq var: Dağ Yəhudiləri Sinaqoqu və Avropa Yəhudi Sinaqoqu. Birinci bina tamamilə Azərbaycan Hökuməti tərəfindən tikilib və 2011-ci ildə Dağ Yəhudi icmasına bağışlanıb və bu, Azərbaycanı dünyada yəhudi əhalisi üçün sinaqoq tikən yeganə dövlət edib”, - məqalədə əks olunub.
Müəllif Azərbaycanda yaşayan yəhudi icmasının tarixi haqqında da məlumat verib.
Azərbaycanın baş konsulluğunun San-Xosedəki Şabad sinaqoquna dəstəyi ilə bağlı fikirlərini bölüşən Bakının Baş Şabad Ravvini, Avropa Yəhudi Sinaqoquna rəhbərlik edən ravvin Şneor Seqal bu sözləri bildirib:
“Mən uzun illərdir ki, Azərbaycanda yaşayıram. Həm xalqın, həm də hökumətin müxtəlif spektrdə dini icmalara qarşı diqqətəlayiq həssaslığına və səxavətinə şahid olmuşam. Bu səxavətin Kaliforniyada bu gün, son 2000 il ərzində Azərbaycanda yəhudi xalqına yönəlmiş eyni isti və mehribanlıqla həyata keçirildiyini görmək məni dərindən təsirləndirdi”.
Qeyd edək ki, məqalədə Kaliforniyadakı yəhudi icmasının Xocalı soyqırımını daima diqqətdə saxladığı və bununla bağlı amerikalıları məlumatlandırdığı da öz əksini tapıb.
Bizim.Media