Bir sıra ölkələrin bankları Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması riski yüksək olan dövlətlər siyahısına daxil etməsi barədə qərarından sonra rusiyalılar üçün hesablaşma şərtlərini sərtləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə RBK beynəlxalq biznes üzrə hüquqşünas və məsləhətçilərə istinadən yazır.
Onların sözlərinə görə, Ermənistan və Serbiya kredit təşkilatları rusiyalılara hesab açmaqdan və əməliyyatlar aparmaqdan imtina etməyə başlayıb.
Bir sıra hallarda xidmətlər ətraflı izahat verilmədən dayandırılır, yalnız “daxili komplayens tələbləri” ifadəsi ilə kifayətlənilir. Hətta əvvəllər açılmış hesablar da bağlanır və bu, yaşayış icazəsi olan, biznes fəaliyyəti göstərən və ya həmin ölkələrdə uzunmüddətli qalma statusuna malik rusiyalılara da şamil edilir.
O2 Consulting hüquq şirkətinin məlumatına görə, Qazaxıstan, Tacikistan və Oman bankları da əməliyyatlar üzrə daha ciddi yoxlamalar aparmağa başlayıb. Yeni tələblər Rusiya ilə əlaqəsi olan həm fiziki, həm də hüquqi şəxslərə təsir göstərib. Müştərilərdən getdikcə daha tez-tez vəsaitlərin mənşəyini, köçürmələrin iqtisadi məntiqini və vergi statusunu təsdiqləmək tələb olunur.
Mütəxəssislərin sözlərinə görə, rusiyalılar da daxil olmaqla, şəxsi hesablar arasında köçürmələr belə dayandırılır. Ayrı-ayrı hallarda vəsaitlər qeyri-müəyyən müddətə dondurulur.
Hüquqşünaslar tələblərin və yoxlamaların sərtləşdirilməsini beynəlxalq tənzimləyicilər və müxbir banklar tərəfindən təzyiqin artması ilə izah edirlər. Maliyyə qurumları ikinci dərəcəli sanksiyalardan ehtiyatlanır və potensial riskləri qabaqcadan azaltmağa üstünlük verirlər.
Avropa İttifaqı Rusiyanı dekabrın əvvəlində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələrin “qara siyahısı”na daxil edib.
Bu, FATF-in analoji siyahısının Avropa variantıdır və həmin siyahıda İran, Myanma və Şimali Koreya kimi ölkələr yer alır. Qərarın qəbulunu Kiyev, Avropa Parlamenti, eləcə də Mərkəzi və Şimali Avropanın bəzi ölkələri lobbiləşdirib; onlar Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlar fonunda Brüsseldən Moskvaya təzyiqin artırılmasını tələb ediblər.
Bizim.Media


































































































