İtaliyanın simvollarında biri olan Trevi fəvvarəsini ziyarət etmək istəyən turistlər 1 fevraldan etibarən 2 avro giriş haqqı ödəməli olacaqlar.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Roma sakinləri üçün isə giriş tamamilə pulsuz olacaq.
Roma meri Roberto Qualtieri mətbuat konfransında bildirib ki, paytaxtdakı altı məşhur turizm obyektinə giriş artıq ödənişli olacaq. Bu məkanlar Trevi fəvvarəsi (yalnız hovuzun ön hissəsinə giriş üçün), Villa Maxentius, Napoleon Muzeyi, Karlo Barakko Muzeyi, Pilotti Muzeyi və Kanonika Muzeyidir.
Merin sözlərinə görə, əvvəllər pulsuz olan bu məkanlara giriş üçün turistlərdən simvolik 2 avro tələb olunacaq. Qualtieri vurğulayıb ki, 1 fevraldan etibarən Romadakı bütün muzey və abidələr Roma şəhərinin sakinləri üçün pulsuz olacaq. Roma Bələdiyyəsi bu tətbiqdən illik təxminən 6,5 milyon avro gəlir əldə etməyi planlaşdırır. Qualtieri bildirib ki, bu gəlir ilin əvvəlindən Trevi fəvvarəsində tətbiq edilən məhdud giriş sistemi sayəsində mümkün olacaq.
Məlumata görə, son bir il ərzində Trevi fəvvarəsini 9 milyona yaxın turist ziyarət edib.
Gün ərzində isə fəvvarəyə orta hesabla 30-70 min turist gəlir. Yeni qaydalara əsasən, turistlər üçün giriş yalnız saat 09:00-dan 22:00-dək ödənişli olacaq, digər saatlarda isə pulsuz qalacaq.
Ödəniş tətbiq edilən məkanlardan biri də muzeyə çevrilmiş italyan heykəltəraş Pietro Kanonikanın evidir.
Qeyd edək ki, tarixi abidəyə həddindən artıq turist axınının qarşısını almaq məqsədilə bilet sistemi ideyası ilk dəfə ötən il gündəmə gəlib. Trevi fəvvarəsi 2024-cü ilin oktyabr–dekabr aylarında əsaslı bərpadan sonra yenidən istifadəyə verilsə də, yanvar ayından etibarən eyni vaxtda yalnız 400 nəfərin daxil ola biləcəyi məhdud giriş sistemi tətbiq olunub.
XVIII əsrdə italyan memarı Nikola Salvi tərəfindən barokko üslubunda inşa edilən Trevi fəvvarəsi hər il milyonlarla turist tərəfindən ziyarət edilir. Bir çox məşhur romantik filmlərin çəkildiyi bu tarixi məkan “Sevgi fəvvarəsi” kimi də tanınır.
Bizim.Media






























































































