İranda Həzrəti Fatimənin mövludu ilə əlaqədar Ana heykəlinin açılışı olub. Heykəlin ətrafında yaranan müzakirələr isə təkcə sənət məsələsi deyil, daha dərin dini və ideoloji məsələləri gündəmə gətirib. Bir tərəf bu heykəlin Həzrəti Fatiməyə aid olduğunu deyir və bunun İslam dinində qəbuledilməz olduğunu, müqəddəs şəxsiyyətlərin vizual təqdimatına dair qadağaların pozulması kimi qiymətləndirir, digər tərəf isə bunu simvolik və bədii təsvir kimi müdafiə edir.
İslam ənənəsində Peyğəmbər ailəsinə hər zaman həssas yanaşılıb. Şiə dünyasında Həzrəti Fatimə həm mənəvi paklığın, həm də qadın ləyaqətinin zirvəsi kimi qəbul edilir. Onun mövlud günü isə İranda Analar günü kimi qeyd olunur.
Beləliklə, heykəlin ətrafında yaranan mübahisə əslində daha geniş bir sualı ortaya qoyur: müasir dövrdə din, sənət və simvolika arasında sərhədlər harada başlayır və harada bitir?
İlahiyyatçı Fazil Əhməd Bizim.Media-ya məsələ ilə bağlı bildirdi ki, bəzi müsəlman ölkələrində rəssamlıq və heykəltəraşlıq qadağan edilsə də, əslində İslamda heykəltəraşlıq, rəssamlıq fəaliyyəti qadağan deyil.
“Amma istər rəssamlıq, istərsə də heykəltəraşlıqda olsun xanım Fatimeyi-Zəhranın üzünün göstərilməsi qəbul olunmazdır. Əgər kimsə göstərərsə, bu əlbəttə ki, dərhal tənqid olunar. Hətta filmlərdə belə peyğəmbər ailəsinin, xüsusilə də 14 məsumun sifəti göstərilmir. İranda qoyulan heykəlin də Fatimeyi Zəhraya aid olması absurddur. Sadəcə Analar günü münasibətilə qoyulan rəmzi ana heykəlidir ki, bunu da normal qəbul etmək lazımdır”.
Qeyd edək ki, İslamda canlı varlıqların real heykəli əsasən məqbul sayılmır. Çünki heykəlin zamanla ibadət obyektinə çevrilməsindən ehtiyat olunur. Xüsusən də böyük ölçüdə və hörmət edilən formada təqdim olunması caiz deyil. Oyuncaqlar, tədris məqsədli modellər, tam canlıya bənzəməyən fiqurlar, natamam fiqurlar isə məqbul sayılır.
Şəfiqə Şəfa, Bizim.Media































































































