ABŞ prezidenti Donald Tramp xalqa müraciətlə çıxış edib. Təxminən 20 dəqiqə davam edən çıxışının əsas hissəsini o, öz fəaliyyətini tərifləməyə, əvvəlki demokrat administrasiyanı və şəxsən Co Baydeni sərt tənqid etməyə həsr edib.
Bizim.Media xəbər verir ki, xarici siyasət mövzuları, o cümlədən Ukraynadakı müharibə və Venesueladakı vəziyyət çıxışda ümumiyyətlə səsləndirilməyib.
Tramp bildirib ki, o, “tam bir xaosu miras alıb” və qısa müddətdə bu vəziyyəti düzəltməyə nail olub. Onun sözlərinə görə, demokratların dövründə ABŞ sərhədləri faktiki olaraq açıq idi, ölkəyə “cinayətkarlar da daxil olmaqla miqrant axını” baş vermişdi, Amerika siyasəti isə “terrorçulara və
ABŞ-dan misli görünməmiş şəkildə istifadə edən digər ölkələrə” xidmət edirdi.
“Dünya bizə gülürdü. Amma artıq gülmür”, — deyə Tramp vurğulayıb.
Miqrasiya mövzusuna toxunan prezident son aylarda ABŞ-a “bir nəfər belə qeyri-qanuni miqrantın daxil olmadığını” iddia edib. O, həmçinin Co Baydenin sərhədlərin bağlanması üçün ayrıca qanuna ehtiyac olduğunu söylədiyini xatırladıb və əlavə edib: “Məlum oldu ki, yeni qanun yox, yeni prezident lazım imiş”.
Təhlükəsizlik məsələlərindən danışan Tramp Vaşinqtonun hazırda “indiyədək olmadığı qədər təhlükəsiz” olduğunu, administrasiyasının isə “qaniçən narkokartellərə” zərbələr endirdiyini bildirib. O, ABŞ-ın “dünyanın ən güclü ordusuna” sahib olduğunu deyib, səkkiz müharibənin nizamlanmasını, “Yaxın Şərqdə 3000 ildən sonra ilk dəfə sülhün bərqərar olmasını” və israilli girovların azad edilməsinə töhfəni öz adına çıxıb.
İqtisadiyyatla bağlı hissədə Tramp vəzifəyə başlayarkən inflyasiyanın “son 48 ilin ən yüksək səviyyəsində” olduğunu, hazırda isə qiymətlərin aşağı düşdüyünü, maaşların artdığını və yeni iş yerlərinin yaradıldığını deyib. O, gömrük rüsumları siyasətini xüsusi vurğulayaraq rüsumları “ən sevdiyi söz” adlandırıb və bu mexanizm sayəsində pulların “rekord həcmdə ABŞ-a qayıtdığını” iddia edib.
Çıxışının sonunda Tramp bildirib ki, bu gün Amerika “hörmət edilən” bir ölkədir, “heç vaxt olmadığı qədər güclü şəkildə dirçəlib”. O, qarşıdan gələn futbol üzrə dünya çempionatını, Olimpiya Oyunlarını və Müstəqillik Bəyannaməsinin 250 illiyinə hazırlıqları da xatırladıb.
“2026-cı ildə dünya bizə baxanda, qoy vətəndaşlarına sadiq, öz kimliyinə və taleyinə əmin olan bir ölkə görsün. Qoy həsəd aparsınlar”, — deyə ABŞ prezidenti bildirib.
Bizim.Media































































































