Alimlər uzun illərdir cavabsız qalan geoloji sirri açıb: qədim vulkanik arxipelaq olan Bermud adaları niyə Atlantik okeanının üzərində qalmaqda davam edir, halbuki burada vulkan öz fəaliyyətini 30 milyon ildən çox əvvəl dayandırıb.
Bizim.Media xəbər verir ki, bu kəşf Geophysical Research Letters elmi jurnalında dərc olunub və okean adalarının uzunmüddətli təkamülünü müəyyən edən geoloji proseslərin anlaşılmasında mühüm addım hesab olunur.
Adətən bu cür adalar Yer mantiyasındakı aktiv “isti nöqtələr” üzərində formalaşır. Həmin istilik mənbəyi zəiflədikdə və ya yox olduqda isə adalar zamanla okeanın altına enir. Bermud adaları isə istisnadır — alimlər illər boyu onların niyə “batmadığını” izah edə bilmirdilər.
Seysmoloqlar müəyyən ediblər ki, Bermud adalarının yerləşdiyi okean qabığının altında qalınlığı təxminən 20 kilometr olan, möhkəm, lakin qeyri-adi dərəcədə yüngül süxur qatı mövcuddur. Bu qat okean qabığı ilə yuxarı mantiya arasında yerləşir və bir növ “sal” rolunu oynayaraq okean dibinin qalxmasını təmin edir və bununla da adaları suyun üzərində saxlayır. Ətraf süxurlarla müqayisədə daha az sıxlığa malik olduğu üçün müsbət üzmə qabiliyyəti yaradır və Bermud adaları bu geoloji platformanın üzərində “üzür”.
Alimlər adalarda yerləşən seysmik stansiyanın məlumatları əsasında, dünyanın müxtəlif bölgələrində baş verən zəlzələlərdən gələn seysmik dalğaların yayılmasını təhlil ediblər. Bu da Bermud adalarının altında 50 kilometrdən artıq dərinliyə qədər Yer quruluşunun detallı xəritəsini yaratmağa imkan verib. Nəticədə, plitələrin ortasında yerləşən digər adaların altında rast gəlinməyən bu unikal qat aşkar edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu magmatik süxurlardan ibarət “sal” Bermud adalarında son vulkan aktivliyi dövründə və ya ondan qısa müddət sonra — təxminən 30–35 milyon il əvvəl formalaşıb. Həmin vaxt ərimiş süxurlar Yer qabığına daxil olub və sonradan bərkiyib. Məhz bu qat zamanla okean dibini təxminən 500 metr qaldıraraq arxipelaqın milyon illər boyu dəniz səviyyəsindən yuxarı qalmasını təmin edib.
Bizim.Media































































































