Rusiyanı Çindən “xilas etmək” PLANI – Trampın sülh formulundakı SENSASİON DETAL

Hazırda oxunan: Rusiyanı Çindən “xilas etmək” PLANI – Trampın sülh formulundakı SENSASİON DETAL

586088

ABŞ Prezidenti Donald Tramp sələflərindən fərqli olaraq çoxvektorlu siyasət yürüdür.
 

O, bir tərəfdən Rusiyaya qarşı sanksiyaların miqyasını genişləndirməyin vacibliyini desə də, digər tərəfdən Avropa İttifaqını və hətta Ukraynanı Moskva ilə sülhə təhrik edir. Trampın Ukrayna müharibəsinin sonlanması üçün hazırladığı 28 maddəlik sülh layihəsi də bir daha sübut edir ki, Tramp münaqişənin həllində daha çox Rusiyanın maraqlarından çıxış edir.


Bundan əlavə, ABŞ prezident administrasiyası avropalı tərəfdaşlarına Rusiyaya qarşı sanksiyaların ləğvini və Moskva ilə neft-qaz sektorunda əməkdaşlığın bərpasını təklif edən sənəd təqdim edib.

Tramp niyə Rusiyanı iqtisadi təcriddən xilas etmək istəyir?

Məlumdur ki, bütün dünyada siyasət daha çox iqtisadi maraqlar üzərindən qurulur. Ona görə də Tramp həm ABŞ-ın iqtisadi gücünə yeni güc qatmaq, həm də əsas rəqiblərindən birini netrallaşdırmaq istəyir. 
 

Nəzərə alaq ki, Rusiya ABŞ-a rəqib olsa da, Çin qədər qorxulu deyil. Üstəlik Rusiyanın Çinlə yaxınlaşması və yaxın perspektivdə Arktikada birgə neft hasil etmək ideyası rəsmi Vaşinqtonu ciddi narahat edir. Ona görə də Tramp Ukraynanın istənilən şərtlər daxilində sülhə razı salmaq istəyir. Təbii ki, bu məsələdə Ukraynanın ərazi bütövlüyü məsələsi ABŞ-ı maraqlandıran ən sonuncu məsələdir.


Trampın hədəfi Arktika neft layihələrində Çinin iştirakını məhdudlaşdırmaq və Amerikanın tərəfdaşlığını təmin etməkdir. 

Bəs Avropa buna hazırdırmı?

Trampın planlarına rəğmən Avropda ciddi təşviş var. Böyük Britaniya və Avropa Birliyi ölkələri Rusiya təcavüzündən qorunmaq haqqında danışırlar və hərbi büdcələrini artırırlar.
 

Tramp Avropanın Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün bu ölkəni yenidən G7 birliyinə qaytarmaq istəyir. O hesab edir ki, G8 platforması daha uğurlu və iqtisadi cəhətdən daha səmərəli platformadır.  Amerika prezidenti bu məsələdə Putinlə G7 ölkələri liderləri arasında vasitəçi olmaq istəyini də irəli sürüb.


Üstəlik, ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında bildirilir ki, Rusiya ilə Avropa arasında münasibətlərin normallaşdırılması ABŞ-dan "əhəmiyyətli diplomatik əlaqələr" tələb edəcək.

ABŞ və Aİ 2022-ci ildən bəri Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Məhdudiyyətlər əsasən enerji sektorunu, maliyyə sistemini və texnologiyaya çıxışı hədəf alıb. Ən əhəmiyyətliləri neft və qaz embarqosu, Rusiya banklarının SWIFT-dən ayrılması və ixrac nəzarəti olub. G7 Rusiya nefti üçün qiymət həddini 1 barel üçün 60 dollar olaraq müəyyən edib.
 

Qeyd edək ki, hazırda Avropaya qaz yalnız “Türk axını” boru kəməri, neft isə yalnız “Drujba” boru kəməri vasitəsilə çatdırılır. Mayeləşdirilmiş təbii qaz da dəniz yolu ilə daşınır. Lakin Avropa Komissiyası buna da qadağa qoymağı təklif edir. Brüssel həmçinin Rusiyanın "kölgə donanmasına" qarşı mübarizəyə çağırır.


Bundan başqa təxminən 300 milyard avro dəyərində Rusiya aktivləri Avropa banklarında, əsasən “Euroclear”da dondurulub.

Aİ sanksiyalarının sonuncu, 19-cu mərhələsi gəmiqayırma, elektronika və LNG layihələrinə, xüsusən də Arktika LNG-sinə təsir göstərir. Bayden administrasiyası dövründə tətbiq edilən ABŞ sanksiyaları Tramp dövründə davam etdirilib. Üstəlik, bu ilin oktyabr ayında sanksiyalar Lukoil və Rosneft neft şirkətlərini hədəfə alıblar.

Sanksiyaların ləğvi Rusiyanın əsas şərtidir

Qərb sanksiyalarının ləğvi Rusiyanın sülh müqaviləsi tələblərinin bir hissəsidir. Təbii ki, işğal olunmuş ərazilərin tanınması və Ukraynanın NATO-ya üzv olmaması da Rusiyanın əsas tələbləri sırasındadır.
 

Putinin hərbi əməliyyatlara son qoymaq üçün şərtlərinə Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivləri məsələsinin həlli daxildir. Rusiya Trampın iqtisadi münasibətləri bərpa etmək və sanksiyaları ləğv etmək planlarını açıq şəkildə alqışlayır.


Təhlükəsizlik Şurasının son iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidentini Ukrayna böhranının əsas səbəblərini başa düşdüyünə görə tərifləyib.

İndi isə söz AB-nin və Ukraynanındır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin