“ABŞ-ın Avropadakı seçkilərə və siyasi kursa müdaxilə etməyə haqqı yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Politico”ya müsahibəsində bildirib.
O, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasına münasibət bildirib. Sənəddə yaxın 20 ildə Avropanın “sivilizasiyadan kənarlaşma təhlükəsi” ilə üzləşə biləcəyi qeyd olunur və Aİ-nin radikal sağ qüvvələrə dair siyasəti tənqid edilir.
“Seçkilərdən söhbət gedirsə, hansı ölkənin liderinin kim olacağına qərar vermək bizim işimiz deyil. Bu, həmin ölkənin xalqının seçimidir. Bu, seçicilərin suverenliyidir və o, qorunmalıdır”, – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb. Fon der Lyayen bildirib ki, seçkilərə heç kimin müdaxilə etməsi yolverilməzdir və “bu, müzakirə mövzusu belə ola bilməz”.
Aİ rəhbəri ABŞ prezidentləri ilə “həmişə çox yaxşı işgüzar münasibətlərinin” olduğunu qeyd edib:
“Hazırda da vəziyyət eynidir”.
Bununla yanaşı, o əlavə edib ki, Avropa özünə fokuslanmalı, özünü başqaları ilə müqayisə etməməlidir. Fon der Lyayen etiraf edib ki, ABŞ-la münasibətlər dəyişib və bunun səbəbi Avropa İttifaqının özündə baş verən dəyişikliklərdir.
Qeyd edək ki, ötən həftə ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası açıqlanıb. Sözügedən sənəddə bir sıra Aİ ölkələrinin hökumətləri ittiham olunur. İddia edilir ki, kütləvi miqrasiya səbəbindən bir sıra Aİ və NATO ölkələri “identikliyini itirib qeyri-avropalaşa bilər”.
Bizim.Media



























































































