Xəbər verdiyimiz kimi, Gürcüstan yanvarın 1-dən etibarən əcnəbilər üçün məcburi tibbi sığorta tətbiq edəcək. Qərara əsasən, sığorta məbləği minimum 30 min lari (təxminən 18 600 manat) olmayan əcnəbilər Gürcüstana buraxılmayacaq.
Qeyd edək ki, azərbaycanlıların əsas səyahət istiqamətlərindən biri məhz Gürcüstandır. Hər il xeyli sayda azərbaycanlı Gürcüstana səfər etməyə üstünlük verir. Bu hal özünü xüsusən də Yeni il ərəfəsində göstərir. İndi isə digər əcnəbilər kimi, Gürcüstana getmək istəyən azərbaycanlılar da məcburi tibbi sığortadan keçməli olacaqlar.
Bu azərbaycanlıların səfərlərinə necə təsri edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Gürcüstanın gələn ilin əvvəlindən etibarən əcnəbilər üçün məcburi tibbi sığorta tətbiq etməsi ilk növbədə bu ölkənin turizm sektoruna kifayət qədər ziyan vuracaq:
“Həmin addım tək Azərbaycandan deyil, bütün MDB məkanından Gürcüstana turizm axınının qarşısını alacaq. Hətta Qərb ölkələrindən gələn turistlərin sayına da mənfi təsir edəcək. Çünki qoyulan tələb fonunda Gürcüstana turist səfərlərinə vaxt sərf etməyə dəyməz”.
Ekspert düşünür ki, Tiflisin bu addımının ömrü qısa müddətli olacaq:
“Adətən turizm axınına təkan vermək üçün stimullaşdırıcı addımlardan istifadə edilir. Türkdilli dövlətlər arasında hazırda sığortası olan vətəndaşların hər hansı bir Türk dövlətinin ərazisində həmin sığortanın da avtomatik işlənməsi mexanizmləri müzakirə edilir. Avropa İttifaqı üzrə Şengen zonasında da anoloji vəziyyət hökm sürür. Tiflisin bunun əksinə getməsi isə qeyri-adi qərarlar sırasında yer alacaq və ömrü də qısa olacaq”.
“Daxili turizm inkişaf edəcək”.
Belə bir halın baş verməsi fonunda Gürcüstana səfər etmək istəyən turistlərimizin hansı yeni istiqaməti seçəcəklərinə gəldikdə, ekspert düşünür ki, yaranmış vəziyyət daxili turizmin inkişafına təkan verəcək:
“Nəticədə Türkiyə, BƏƏ-yə, o cümlədən ölkədaxili regionları daha çox turist axını olacaq. Belə olan halda, Qax, Zaqatala, Şəki, Qəbələ istiqamətində turizmin inkişafına stimul yaranacaq”.
Rüfət Sultan, Bizim.Media






























































































