Son zamanlar İran-Azərbaycan münasibətlərində normallaşma müşahidə olunur. Təsadüfi deyil ki, əvvəlki dövrlərdə olduğu kimi, İran tərəfindən ölkəmizlə bağlı ritorikalar azalıb, təxribatçı fikirlərə nadir hallarda rast gəlinir. Bu da iki ölkə arasında münasibətlərə müsbət impuls verir.
Səfər çərçivəsində mühüm görüşlər
Digər tərəfdən, dekabrın 7-də İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.
İranlı nazir dekabrın 8-də Prezident İlham Əliyevin qəbulunda olub, daha sonra xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüş zamanı son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə edib.
Abbas Əraqçi və Ceyhun Bayramov arasında müzakirələrdə isə Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın hazırkı gündəliyini və perspektivləri diqqətə çatdırılıb.
Münasibətlərin normallaşmasına təsir edən faktorlar
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki,münasibətlərin yaxşılaşması üçün səbəblər çoxdur:
“Yada salaq ki, 2020-ci ildən sonra İran tərəfdən ölkəmizlə münasibətdə süni gərginlik yaradılmışdı. Ölkəmizə qarşı hərbi-siyasi təzyiqlər də artmışdı.
Baxmayaraq ki, İran tərəfinin o zamanlar irəli sürdüyü iddiaların heç birinin əsası və məntiqi yox idi. Məsələn, İranın Zəngəzur dəhlizinə aid mövqeyini yada salaq. O zaman İran bu dəhlizin bərpasına qarşı çıxmaqla yanaşı, həm də Ermənistanın mövqeyindən çıxış edirdi. Halbuki belə mövqe Azərbaycanla münasibətlərə xələl gətirməklə yanaşı, İranın dövlət maraqlarına da zərbə vururdu.
Digər iddialar isə ondan ibarət idi ki, guya Azərbaycandan İrana qarşı hansısa hərbi təhlükələr vardı. Bütün bunlar hamısı süni şəkildə yaradılan və qabardılan məsələlələr idi.
Təbii ki, bu cür əsassız iddiaların aradan qalxması üçün zaman lazım idi.
Son illərdə İranın İsraillə, ərəb dövlətləri və Qərblə yaşadığı gərginlik zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqe onu göstərdi ki, Azərbaycan İran üçün heç zaman təhlükə mənbəyi olmayıb.
Təbii ki, İran-Azərbaycan münasibətlərində yaxınlaşmanın digər səbəbi İranın daxilində gedən mürəkkəb proseslər də mühüm rol oynadı. Çoxmilyonlu azərbaycanlıların təzyiqi İranı Azərbaycanla münasibətləri daha sağlam əsaslar üzərində qurnmağa vadar etdi.
İranın hazırkı siyasi rəhbərliyinin də münasibətlərin sağlamlaşdırılmasında ayrıca payı var. Son zamanlar iki ölkənin siyasi liderləri dəfələrlə bir araya gəlib. Bu görüşlərdə aparılan müzakirələr və əldə edilən razılaşmalar iki ölkə arasında münasibətləri bir qədər də sağlamlaşdırıb”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Dünya
13:40 / 09.12.2025
Tehran-Bakı münasibətlərinin normallaşmasında PEZEŞKİAN FAKTORU – İranın ritorikası necə DƏYİŞDİ?
Hazırda oxunan: Tehran-Bakı münasibətlərinin normallaşmasında PEZEŞKİAN FAKTORU – İranın ritorikası necə DƏYİŞDİ?
Hazırda oxunan: Tehran-Bakı münasibətlərinin normallaşmasında PEZEŞKİAN FAKTORU – İranın ritorikası necə DƏYİŞDİ?
584632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































