Hazırda qulaqlıq, az qala hamının gündəlik istifadə etdiyi əşyaya çevrilib. Amma bundan yanlış istifadə ciddi eşitmə problemi yarada bilər.
Mütəxəssislər hesab edirlər ki, qulaqlıqdan istifadə zərərli olmasa da səs səviyyəsinin yüksək olması və uzun müddətli istifadə etmək eşitmə sinirlərinə ciddi zərər vurur.
Bizim.Media xəbər verir ki, araşdırmalara görə, bu zədələr iç qulaqda yerləşən və özünü bərpa etməyən tük hüceyrələrinin məhvinə gətirib çıxarır ki, nəticədə qalıcı eşitmə itkisi yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər səhiyyə qurumları səsin maksimum 60 faiz gücündə, fasilələrlə və gündə 60 dəqiqədən çox olmayaraq istifadə edilməsini tövsiyə edir.
Xüsusilə, uşaqların qulaqları daha həssas olduğu üçün onlar səsi daha gur eşidə bilirlər. Ona görə də uşaqlarda mənfi nəticələr daha tez baş verə bilər.
Mütəxəssislər qulaqlıqdan istifadə zamanı məkana da diqqət edilməsi lazım olduğunu qeyd ediblər. Belə ki, çox gurultulu yerlərdə qulaqlıqdan istifadə çox təhlükəlidir. Başqasının qulaqlığından istifadə etməmək və gigiyenaya diqqət etmək önəmlidir.
Həkimlər həmçinin xəbərdar edirlər ki, eşitmədə zəifləmə, səsə qarşı həssaslıq kimi əlamətlər ortaya çıxarsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki eşitmə hüceyrələrində yaranan zədələr çox vaxt bərpa olunmur.
Mütəxəssislərin fikrincə, xüsusilə gənclər arasında yüksək səsdə qulaqlıqdan istifadə adi hal alsa da, bu vərdiş uzunmüddətli eşitmə sağlamlığına ciddi təsir göstərir. Erkən yaşlardan etibarən təhlükəsiz dinləmə qaydalarına əməl etmək gələcəkdə eşitmə problemlərinin qarşısını almağa kömək edir.
Bizim.Media


































































































