BMT-yə yeni Baş katib seçilir – Proses başladı

Hazırda oxunan: BMT-yə yeni Baş katib seçilir – Proses başladı

582417

Birləşmiş Millətlər Təşkilatı (BMT) növbəti Baş katibin seçilməsi üçün rəsmi prosedura başlayıb.

Bizim.Media xəbər verir ki, bu məqsədlə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası üzv dövlətlərə namizədlərini irəli sürmələri üçün birgə məktub göndərib.

BMT Baş Assambleyasının Prezidenti Annalena Berbok açıqlamasında bildirib ki, məktub Təhlükəsizlik Şurasına sədrlik edən Syerra-Leonenin BMT-dəki daimi nümayəndəsi Maykl İmran Kanu ilə birgə imzalanıb və bununla da seçki prosesi rəsmən işə düşüb.
 

Berbokun sözlərinə görə, yeni Baş katibin seçilməsi BMT üçün xüsusilə həssas dövrə təsadüf edir. O, qlobal münaqişələrin, iqlim böhranının və artan humanitar ehtiyacların fonunda BMT-yə ehtiyacın daha da yüksəldiyini vurğulayıb. Berbok üzv dövlətləri öz namizədlərini təqdim etməyə çağırıb.


Birgə məktubda Baş katib vəzifəsində indiyədək heç bir qadının təmsil olunmamasından təəssüf ifadə olunub və qadınların yüksək rəhbərlik səviyyələrinə çatması üçün bərabər imkanların vacibliyi qeyd edilib.

Məktubda bildirilib ki, hər bir üzv dövlət təkbaşına və ya qrup şəklində yalnız bir namizəd irəli sürə bilər. Təhlükəsizlik Şurası namizədləri 2026-cı ilin iyul ayının sonuna qədər qiymətləndirəcək və qalibi səsvermə üçün Baş Assambleyaya təqdim edəcək.
 

Seçki proseduruna əsasən, namizədin seçilməsi üçün Təhlükəsizlik Şurasında gizli səsvermədə ən azı 9 səs toplaması və daimi üzvlərdən heç birinin veto qoymaması tələb olunur. Daha sonra həmin namizəd Baş Assambleyada ən azı 97 səs qazanarsa, BMT-nin yeni Baş katibi seçilmiş sayılır.


Hazırkı Baş katib Antonio Quterreş 2017-ci il yanvarın 1-dən bu vəzifəni icra edir. Onun ikinci müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin