“Bu sadəcə biznesdir: Tramp 300 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinə çıxış əldə etməyə can atır. Onun “sülh planı”nın gizli motivi də budur”.
Bizim.Media xəbər verir ki, bu barədə “Foreign Policy” (FP) yazıb.
Nəşr qeyd edir ki, sənəddə təsvir edilən sxemə əsasən, ABŞ faktiki olaraq həmin vəsaitlər üzərində nəzarət qurur, baxmayaraq ki, onların cəmi 1,5%-i ABŞ-ın payına düşür.
Plana görə Amerika şirkətləri “Ukraynanın bərpası” üçün 100 milyard dollar alır və layihələrdən əldə edilən gəlirin yarısı ABŞ hökumətinə verilir.
Təxminən 200 milyard dollar isə ABŞ-Rusiya birgə investisiya alətində istifadə olunacaq.
Bundan əlavə, Ukraynanın bərpası üçün lazım olan digər xərcləri Avropa vergi ödəyiciləri öz üzərinə götürəcək.
FP yazır ki, belə bir mexanizm Trampın razılaşmanı tezliklə bağlamağa niyə bu qədər tələsdiyini izah edir. Ukrayna üçün isə bu aktivlərin ABŞ-ın nəzarətinə verilməsi, Avropa İttifaqının dondurulmuş Rusiya aktivləri ilə təmin olunmuş yeganə etibarlı maliyyə mənbəyini – Aİ-nin reparasiya kreditini – itirmək demək olardı.
Nəşrin qiymətləndirməsinə görə, planın gələcəyi Aİ-nin Rusiya aktivlərini sürətlə müsadirə edib Ukraynaya yönəltmək imkanından asılıdır. Belə olarsa, ABŞ-Rusiya sxeminin əsas bəndi mənasız hala düşər və Tramp administrasiyasının planı faktiki olaraq çökər.
Bizim.Media






























































































