Dua ilə yağmayan yağış, robota çevrilməyən insanlar – İranın TRAGİKOMİK MƏNZƏRƏSİ

Hazırda oxunan: Dua ilə yağmayan yağış, robota çevrilməyən insanlar – İranın TRAGİKOMİK MƏNZƏRƏSİ

582313

Dünyada baş verən gülməli, tragikomik hadisələri müşahidə etmək istəyənlərə sadə tövsiyəmiz var: İran mətbuatını izləsəniz, belə xəbərlərə hər gün rast gələ bilərsiniz. Elə bir gün olmur ki, İrandan dünya üçün gülməli, Tehranın özü üçün isə ağlamalı olan xəbər çıxmasın.
 

MÖVZU İLƏ BAĞLI:

İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO
 

Bir xalqın tradegiyası kənardan baxanda komediya kimi görünür...

Əsl komediya isə İran hakimiyyətinin apardığı təbliğatla əsl mənzərənin yaxından-uzaqdan əlaqəsinin olmamasıdır. Məlumdur ki, İran uzun illərdir sanksiyalar altında yaşamasına rəğmən özünün “elmi-texnoloji inkişafı” ilə öyünür, təbliğat aparır.

Bir neçə gün öncə də belə bir təbliğat aparmaq istəyiblər. Kiş şəhərində “Kiş İnox” adlı sərgi təşkil edib, ziyarətçilərə humanoid robotları nümayiş etdiriblər. Sonradan üzə çıxıb ki, onlar sözün həqiqi mənasında “human” (ingiliscə insan deməkdir) imiş. Onları “Star Wars” tərzində bəzəyib, xüsusi makiyaj edib, robotvari hərəkət etmələrini tapşırıblar. Ancaq nəticədə “Star Wars” kimi möhtəşəm film seriyası yerinə, hind kinoları tərzində səhnələr ortaya çıxıb. 

Təbii olaraq, yalanın ömrü nəinki 40 gün, heç 40 dəqiqə belə çəkməyib. Sərgiyə gələnlər onların robot cildinə salınmış insanlar olduqlarını anlayıb, videoya çəkib, hətta ələ salıblar. Beləcə İranın “robot sənaye”si inqilabı əks-inqilabın “qurbanı”na çevrilib.

İran tragikomediyalarını izləmək üçün uzaq Kişə getməyə ehtiyac yoxdur.

Daha yaxın olan Tehrana baxmaq kifayətdir.

Məlumdur ki, bir neçə aydır Tehran yağış üzünə həsrət qalıb. Nəticədə su qıtlığı yaşanan şəhərdə təhlükə o qədər böyükdür ki, Prezident Məsud Pezeşkian paytaxtın köçürülməsinin vacibliyini vurğulayıb. Ancaq İran Prezidentinin məntiqli çözüm variantını icra etmək, layihənin reallaşması üçün əməli addımlar atmaq yerinə mollalar ənənəvi taktikaya baş vurublar: əllərini göyə qaldırıb, yağış duası ediblər.

Onların bu “müqəddəs ayini”nə minlərlə insan qoşulub, göz yaşı töküb. Ancaq onların göz yaşları təbii ki, yağışa çevrilməyib, Tehranın dərdinə dərman olmayıb.

Tehrandakı tragik vəziyyət fonunda yaranan mənzərə də komediya olub. Bu dəfə isə mərhum Kemal Sunalın “Tokatçı” filmi yada düşür. Ölkəmizdə də əksər insanların izlədiyi həmin filmdə bir şeyx kənd sakinlərini toplayıb, yağış duasına aparır. Bir neçə gün nəticə hasil olmayanda da günahı atır Kemal Sunalın canlandırdığı obrazın üstünə ki, “yağış sənə görə yağmır, çünki dəstəmaz almamısan”.

İndi maraqlıdır, İran mollaları günahı kimin üstünə atacaqlar?! Əgər həmin filmi izləyiblərsə, oxşar bəhanəni gətirə bilərlər. Yəqin ki, yağış duasına ağlayanlar bu bəhanəyə də inanarlar.

Günahkar ağlayanlar, yoxsa ağladanlardır?

Təbii ki, bütün bunların – “robot insan”ların, yağış duasının günahkarı İran xalqı deyil. Günahkarın kim olduğunu isə başqa bir filmdən sitat gətirməklə göstərmək olar.

Bu dəfə yerli – “Qəm pəncərəsi” filmindən məşhur məscid səhnəsini xatırlayaq. Kefli İsgəndər məscidə gəlib görür ki, molla ərəbcə danışır, camaat da hönkür-hönkür ağlayır. Molla yumurta ilə boğazını yaşlayanda İsgəndər camaatın qarşısına çıxıb başlayır fransızca şeir söyləməyə. Görəndə ki, insanlar təəccüblə biri-birinin üzünə baxır, deyir ki, “Bə niyə ağlamırsız?”.

Mərhum Arif Babayev isə o məşhur replika ilə cavab verir: “Biz axı qanmırıq, sən nə deyirsən”.

Təbii ki, sadə kənd camaatı həmin mənzərənin yaranmasında əsas günahkar deyildi. Heç mollanı da bütün günahların səbəbkarı hesab etmək olmaz. Filmdə canlandırılan dövrdə sözügedən vəziyyətin ortaya çıxmasında günahkar Çar Rusiyası idi, çünki cəhalət onlara sərf edirdi ki, iqtidarları uzunömürlü olsun. İndi də İranda hakim zümrə kimdirsə, günahkar da odur...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin