Kioto Universitetinin tədqiqatçıları induksiya olunmuş plüripotent kök hüceyrələrinin əldə edilməsi üsullarını hazırlamaq üçün Google-un süni intellektindən istifadə etməyə başlayacaqlar.
Bizim.Media xəbər verir ki, Nikkei Asia-nın Kioto Universitetinin tədqiqat qrupunun açıqlamasına istinadən verdiyi məlumata görə, AI Co-Scientist platforması alimlərə adi hüceyrələri plüripotent hüceyrələrə çevirməyin effektiv yollarını daha tez tapmağa və onların təhlükəsiz istehsal texnologiyalarını sadələşdirməyə kömək edəcək.
Tədqiqat qrupunun rəhbəri Hixohide Saito qeyd edib ki, Google ilə əməkdaşlıq laboratoriya sınaqlarından tibbi tətbiqə qədər olan yolu qısaldacaq.
Kioto Universiteti AI Co-Scientist platformasının hüceyrə texnologiyaları sahəsində tətbiq ediləcəyi ilk Yapon elmi mərkəzi olacaq. Süni intellekt elmi hipotezlər yarada və mürəkkəb məlumatları işləyə bilir ki, bu da adi analizlərlə tapılması çətin olan həlləri aşkar etməyə imkan verir.
Qeyd edək ki, plüripotent kök hüceyrələr insanın müxtəlif toxuma və orqanlarına çevrilə bilmək xüsusiyyətinə malikdir və şəkərli diabet də daxil olmaqla, bir çox xəstəliklərin müalicəsi üçün perspektivlər açır.
Bizim.Media































































































