Ermənistanda faşist Qaregin Njdenin fanatları, vəkilləri və ardıcılları sübut etməyə çalışırlar ki, 2007-ci ildə dərc edilən məlum ittiham aktında onun nasistlərlə əməkdaşlığı sübut olunmayıb və məhkəməsinin sonunda Hitlerlə əməkdaşlıq ittihamı ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “regnum.ru” saytında yer alıb.
Mənbə qeyd edir ki, bütün bu sənədlər Ermənistan arxivlərində var: NJDE VƏ HİTLER: təfərrüatlar (sənədlər toplusundan: Vaçe Ovsepyan. Qaregin Njde və KQB: kəşfiyyatçının xatirələri. Yerevan, 2007)
12 oktyabr 1944-cü il. Njdenin dindirmə protokolu.
“Berlin, oktyabr 1942-ci il. Sonda soruşdum ki, biz ermənilər bu müharibədə Almaniyaya necə kömək edə bilərik? Mən təklif etdim ki, Berlində ermənilər üçün məktəb açaq, onun məzunlarını seçək ki, almanlar onları hazırlayıb öz işlərinə uyğun istifadə etsinlər.
Bu təklif bəyənildi və mənə tapşırıq verildi ki, Bolqarıstandakı bir qrup ermənini - 30-a yaxın adamı seçib Berlinə göndərim, alman qoşunları Ermənistanın sərhədlərinə yaxınlaşanda təxribat və digər məqsədlər üçün Sovet Ermənistanına köçürülsünlər. Eləcə də Ermənistanın bolşevik qoşunlarından tezliklə azad edilməsi üçün almanlara daxildən köməklik göstərsinlər.
Həmçinin bildirildi ki, Qırmızı Ordu geri çəkilərkən qoşunlarla yanaşı, əhalidən xeyli adam da geri çəkilir və Ermənistana köçürülən və ermənicə danışan bu adamlar müvafiq almanpərəst kampaniyaya başlamalıdırlar ki, heç kim bolşeviklərlə birlikdə getməsin (səh. 146)”.
“Mən hələ Berlində olanda erməni komitəsində işləyirdim, öyrəndim ki, məktəbin bütün şagirdləri alman geyimi ilə təchiz edilib və Krıma göndərilib, Simena kəndində yerləşdirilib. Onlar təxminən 4 aya yaxın Krımda qaldılar. (...) Təxribat məktəbinin bütün şagirdləri təxribat missiyaları ilə Sovet Ermənistanına getmək üçün Krıma göndərildi” (səh. 149−150).
17 oktyabr 1944-cü il. Dindirmə protokolundan:
“- Təmsil etdiyiniz erməni qrupu Almaniyada hansı təlimlərdən keçib?
- Bu qrup hərbi döyüş hazırlığı və sonda təxribat işlərindən keçdi. Hazırlıq təxminən 8 ay çəkdi.
- Deməli, bu dəstə diversant kimi hazırlanıb?
- Bütün bu dəstə almanların xeyrinə diversant kimi hazırlanmışdı” (səh. 155).
Ter-Arutyunyan Qaregin Yegişeviçin (Njde) ittihamı ilə açılan 111 278 saylı istintaq işi:
“1943-cü ilin avqustunda Ter-Arutyunyan Q.E. (Njde) Krıma gəldi, almanların tapşırıqlarını yerinə yetirmək üçün yuxarıda adı çəkilən kəşfiyyatçı-diversiyaçıların qarşısında çıxış etdi (II cild, işin vərəqləri № 309, 310. səh. 83)
“İkinci Dünya Müharibəsi illərində Sovet ordusunun hissələrinə qarşı silahlı mübarizə aparmaq üçün o, (Njde) alman kəşfiyyat orqanları ilə əlaqə yaradıb. Alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün adamların cəlb edilməsi və hazırlanması ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış “Erməni Milli Şurası”nın üzvü seçilib (səh. 84).
Rusiya arxivlərindən üzə çıxan bu sənədləri dərc edirik (fotoşəkillərə baxın).
Belə nəticəyə gəlmək olar ki, Njde Böyük Vətən Müharibəsi illərində SSRİ-yə qarşı müharibədə nasist kəşfiyyatı ilə əməkdaşlıq etmək ittihamı ilə məhkum edilib.
Xatırladaq ki, Njde 12 oktyabr 1944-cü ildə SSRİ-yə qarşı düşmənçilik və casusluq ittihamı ilə 25 il həbs cəzası alıb.
Bizim.Media