Cərrahi əməliyyatlar həmişə xəstələr üçün risk daşıyır, buna görə də alman alimləri toxumaların nöqtəvi şəkildə bərpası üçün qeyri-adi bir üsul təklif ediblər.
Bizim.Media xəbər verir ki, Ştutqart Universitetindən Andrea Tulusun rəhbərlik etdiyi tədqiqat qrupu, bədənə daxil edilə bilən və toxumanı yerindəcə “təmir edən” miniatür 3D printer üzərində çalışmalara başlayıb.
Laboratoriya şəraitində 3D çap artıq qığırdaq, əzələ və ağciyər toxumalarının prototiplərinin hazırlanmasında istifadə olunur, amma sonrakı tətbiq üçün bu toxumaların transplantasiyası tələb olunur ki, bu da orqanizmin rədd etməsi, iltihab və infeksiya kimi risklər yaradır.
Yeni mikrooptik printer isə iri duz dənəsi boydadır və toxumanı birbaşa bədənin içində, mikrometr dəqiqliyi ilə, yəni hüceyrə miqyasında formalaşdırmağa imkan verəcək.
Cihazın əsas elementi optik lifin ucunda yerləşir və işığı elə formalaşdırır ki, mürəkkəb toxuma strukturlarını çap etmək mümkün olsun. Gələcəkdə bu printer mikrozədələri, qığırdaqları, damar divarlarını və birləşdirici toxumanı bərpa edə biləcək.
Alimlər həmçinin çap üçün biouyğun “mürəkkəblər” hazırlamalıdır. Bu materiallar hidrogel, kollagen, alginat və ya jelatin kimi maddələrdən ibarət olacaq. Onlar bədəndə həll olur və ya toxumalarla inteqrasiya olunur, yeni hüceyrələr üçün bir növ karkas rolunu oynayır.
Tədqiqatçıların sözlərinə görə, bu layihə tibbdə inqilaba çevrilə bilər. Çünki toxumaların təhlükəsiz və dəqiq şəkildə bərpasına imkan yaradacaq, üstəlik bunu böyük cərrahi müdaxiləyə ehtiyac olmadan etmək mümkün olacaq.
Bizim.Media




























































































