Böyük Britaniya kralı III Karl İngiltərə millisinin və “Mançester Yunayted” klubunun keçmiş yarımmüdafiəçisi dünyaca məşhur futbolçu Devid Bekhemi “cəngavərlik titulu” ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat verib.
Bildirilib ki, təntənəli mərasim noyabrın 4-də, Berkşir qraflığındakı Vindzor qalasında keçirilib.
“Bununla inanılmaz dərəcədə qürur duyuram. İnsanlar bilir ki, mən vətənpərvərəm, ölkəmi sevirəm. Həmişə demişəm ki, monarxiya mənim ailəm üçün nə qədər vacibdir. Mən dünyanın bir çox yerlərinə səyahət etmişəm və insanlar mənimlə yalnız monarxiyamız haqqında danışmaq istəyirlər. Mən bununla qürur duyuram,” – deyə Bekhem bildirib.
Artıq futbolçu “ser”, onun həyat yoldaşı Viktoriya isə “ledi” titulunu daşıya bilər.
Qeyd edək ki, 50 yaşlı Bekhemə cəngavər titulunun veriləcəyi 13 iyun tarixində, kral III Karlın rəsmi doğum günü münasibətilə Britaniya hökumətinin saytında dövlət mükafatları laureatlarının siyahısı dərc edilərkən məlum olub. Futbolçu bu mükafata idmandakı nailiyyətlərinə və geniş xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Bizim.Media





























































































