Ukraynanın cəbhə xəttində dönüş yaratmaq üçün “Tomahawk” raketləri əldə etmək cəhdləri nəticə vermir.
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Ukraynaya “Tomahawk” uzaqmənzilli raketlərini göndərməyi planlaşdırmadığını bəyan edib.
Bu isə onu göstərir ki, Kiyevin “Tomahawk”lara sahib olmaq istəyi gerçəkləşməyəcək.
Rusiya isə Donetsk vilayətində mühüm strateji məntəqə olan Pokrovsku işğal etmək üzrədir. Hazırda Rusiya ordusunun əsas diqqəti məhz bu şəhəri ələ keçirməyə yönəlib.
Pokrovsk uğrunda artıq üç aydan çoxdur ki, şiddətli döyüşlər gedir.
Qeyd edək ki, Pokrovsk Donetskdən 66 km şimal-qərbdə, Dnepropetrovsk vilayətinin inzibati sərhədi yaxınlığında yerləşir. Bu şəhər Qərbi Donbasın əsas dəmir yolu qovşağı olmaqla mühüm nəqliyyat, sənaye mərkəzi hesab olunur. Şəhər həmçinin, Donbasdakı Ukrayna ordusu, o cümlədən Toretsk, Konstantinovka və Çasov Yar şəhərləri, Slavyansk-Kramatorsk aqlomerasiyası üçün ən mühüm təchizat mərkəzidir.
Buradan aydın görünür ki, şəhərin işğal edilməsilə Ukrayna cəbhə xəttində daha ciddi problemlərlə üzbəüz qalacaq.
Görəsən, Ukrayna daha hansı əraziləri itirəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bldirir ki, müharibədə say, maliyyə, silah üstünlüyü Rusiyanın tərəfindədir:
“Ukrayna ordusu qəhrəmanlıqla vuruşur. Amma daha zəifdir. Onun bu zəifliyini Qərb müasir silahlar verməklə kompensasiya edə bilər. Lakin bunu etmirlər”.
Qərb Ukraynanın qələbəsini istəmir.
Həmsöhbətimizin fikrincə, Qərb Rusiya və Ukraynanın müharibə nəticəsində əldən düşmələrini gözləyir:
“Belə vəziyyətin yaranması Qərbin xeyrinədir. Çünki bu halda dünya miqyasında iki böyük dövləti zəiflədir. Yəni Qərb əvvəllər olduğu kimi yenə də ikiüzlü siyasət yeritməkdə davam edir. Onlar vaxtilə Azərbaycandan Ermənistana toxunmamağı tələb edirdi. Ermənistandan isə beynəlxalq hüquqa hörmət etməsini tələb etsə də, əslində işğalçını dəstəkləyirdi. Ukrayna məsələsində də Qərb Kiyevə silahı, maliyyə yardımını “çay qaşığı” ilə verməkdə davam edir ki, duruş gətirə bilsinlər. Bununla yanaşı, Qərb Ukraynanın qələbəsini də istəmir”.
Ukrayna bütün Donetsk və Luqanskı itirəcək.
Politoloq qeyd edir ki, Putin Donetsk və Luqansk vilayətlərini tam olaraq nəzarətə götürməyi qət edib:
“Ukrayna nə qədər müqavimət göstərsə də, yeni ərazilər itirməli olacaq. Putin Donetsk və Luqansk vilayətlərini tam şəkildə ələ keçirəndən sonra məqsədlərinə çatdıqlarını bəyan edəcək. Sonra təmas xəttində atəkəs elan olunacaq. Ardınca uzunmüddətli danışıqlar gedəcək”.
Rüfət Sultan, Bizim.Media





























































































