Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampdan sabiq prezident Ronald Reyqanla bağlı “saxta antitarif reklam kampaniyasına” görə üzr istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Prezidentdən üzr istədim. O, bu reklama görə inciyib”, – Karni Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində bildirib.
Agentliyin məlumatına görə, Kanada hökumət başçısı reklam efirə getməzdən əvvəl onu gördüyünü və Ontario əyalətinin baş naziri Duq Forddan həmin materialın yayımlanmamasını xahiş etdiyini qeyd edib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Karninin ondan üzr istədiyini təsdiqləsə də, iki ölkə arasında ticarət danışıqlarının bərpa olunmayacağını bildirmişdi.
ABŞ Prezidenti 25 oktyabrda bəyan etmişdi ki, Vaşinqtonun Ottavaya qarşı tətbiq etdiyi ticarət rüsumları “antitarif reklam” səbəbindən 10 faiz artırılacaq.
O həmçinin qeyd etmişdi ki, Prezident Fondu və Ronald Reyqan İnstitutu sözügedən videoda 40-cı ABŞ prezidentinin çıxışının montaj edildiyi üçün hüquqi tədbirlər görmək imkanlarını araşdırır.
Bizim.Media






























































































