Almatıdan Moskvaya sərnişin qatarı 8 ildən sonra yenidən fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kazinform agentliyi yayıb.
“Bu il marşrutun vaqonları “ZIKSTO” zavodunun istehsalı olan müasir sərnişin vaqonları ilə yenilənib. Yeni kupe və plaskart vaqonları təkmilləşdirilmiş səs izolyasiyası, müasir kondisioner sistemləri və sanitariya modulları ilə təchiz edilib. Sərnişinlərin rahatlığı üçün az hərəkət qabiliyyətli şəxslərin daşınması üçün xüsusi vaqonlar nəzərdə tutulub. Qatar tərkibində 36 yerlik bir kupe vaqonu və 52 yerlik bir plaskart vaqonu var,” — deyə şirkət məlumat verib.
Almatı–Moskva qatarının vaqonları Saratov stansiyasına qədər № 7/8 “Almatı–Saratov” qatarı ilə hərəkət edir, sonra isə № 85/86 “Derbent–Moskva” qatarına qoşularaq Rusiyanın paytaxtına çatır. Almatı-2-dən yola düşmə vaxtı 20:20-dir. Əks istiqamətdə Moskvadan çıxışı 30 oktyabra planlaşdırılıb.
26–30 oktyabr 2025-ci il tarixlərində qatarlar Almatı-2-dən cüt günlərdə, 1 noyabr–13 dekabr aralığında isə tək günlərdə yola düşəcək.
Səyahət müddəti təxminən üç yarım gün davam edəcək.
Qeyd edək ki, Almatı və Moskva arasında birbaşa əlaqə 2017-ci ildə dayandırılmışdı.
Bizim.Media

































































































