Fransanın keçmiş prezidenti Nikola Sarkozi (2007–2012-ci illərdə vəzifədə olub) həbsxanadakı ilk günündə kitab yazmağa başlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darrua bildirib.
“O, idmanla məşğul oldu, sonra kitabını yazmağa başladı”, – eks-prezidentin müdafiəçisinin sözlərini BFMTV telekanalı yayıb.
Vəkilin dediyinə görə, sabiq dövlət başçısı 9 kvadratmetr ölçülü kamerada saxlanılır.
“Orada daimi səs-küy var”, – Darrua əlavə edib.
Vəkil dəqiqləşdirib ki, Sarkozi günün ikinci yarısında həyat yoldaşı Karla Bruni ilə görüşüb.
“Həbsxanadakı ilk gün dəhşətlidir, amma o, bunu yaşadı və dözdü”, – deyə vəkil qeyd edib.
Sarkozi sentyabrın 25-də Liviya maliyyələşdirməsi işi üzrə cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb.
Bununla belə, məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirildiyini təsdiqləməyib.
Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib. 21 oktyabrda o, Parisin XIV rayonundakı Santə həbsxanasında cəza çəkməyə başlayıb və təkadamlıq kamerada yerləşdirilib.
Xatırladaq ki, 2012-ci ilin mayında, Fransada prezident seçkilərinin ikinci turuna səkkiz gün qalmış Mediapart agentliyi məlumat yaymışdı ki, Liviyanın o zamankı lideri Müəmmər Qəddafi (1969–2011) Sarkozinin seçki kampaniyası üçün 50 milyon avro ayırıb.
Sənəd kimi Liviyanın Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Baş Xalq Komitəsinin katibi tərəfindən imzalanmış qərar dərc olunmuşdu.
Paris məhkəməsi isə həmin sənədin saxta olduğunu müəyyən edib.
Bizim.Media