ABŞ-ın Rusiyaya qarşı təklif etdiyi yeni sanksiyalar, o cümlədən Rusiya rəhbərliyinin üzvlərinə qarşı məhdudlaşdırıcı tədbirlər ölkələr arasında münasibətlərin pozulmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bunu bazar günü CNN telekanalına müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
MÖVZU İLƏ BAĞLI:
Peskov: “Rusiya və ABŞ tamamilə fərqli yollardadır”
"Potensial olaraq, bu cür sanksiyalar ölkələrimiz arasında münasibətlərin dayandırılmasına gətirib çıxara bilər. Bu da nə Moskvanın, nə də Vaşinqtonun maraqlarına uyğun gəlir", - Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, ABŞ-ın belə bir addım atması “böyük səhv” olardı.
Bununla bağlı Peskov rəsmi Vaşinqtonun nümayəndələrinə sualla müraciət edib: “Onlar heç olmasa sanksiyaların onların probleminin həllinə kömək etdiyi bir vəziyyət nümunəsini xatırlaya bilərlərmi?”
Xatırladaq ki, ABŞ-ın hakim Demokratlar Partiyasından olan senatorları Ukrayna ətrafında vəziyyətin gərginləşdiyi təqdirdə Rusiya iqtisadiyyatının əsas sektorlarına və dövlətin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim ediblər.
Bizim.Media