Çinin ən böyük onlayn alış-veriş saytı olan "Alibaba"nın məxsus olduğu "Alibaba Group" öz səhmlərini bu gün satışa çıxarır.
Moderator.az -ın xarici mətbuata istinadən məlumatına görə,Çində onlayn alış-verişin 80%-ni təmin edən həmin saytın səhmləri birjaya biri 68 dollara çıxarılacaq. Səhmlərin başlanğıc qiyməti ilkin ehtimallardan daha yüksək olması o deməkdir ki, "Alibaba" saytı özünü 168 milyard dollara qiymətləndirir.
Xüsusilə, Amerika investorları "Alibaba"nın səhmlərinə böyük maraq nümayiş etdirirlər. Bununla belə, sosioloqların məlumatına görə, amerikalıların 88%-i heç bu adda şirkətin və onlayn alış-veriş saytının mövcudluğundan xəbərdar deyil.
"Alibaba Group" həmin saytın səhmlərini satmaqla ümumilikdə 24 milyard dollaradək gəlir əldə etməyə ümid edir. Belə olan halda, bu, Amerika Birləşmiş Ştatlarında internet-şirkətlər üçün ən böyük IPO - yəni İlkin İctimai Təklif olacaq. Bundan əvvəl bu rekord 2012-ci ildə öz səhmlərindən 16 milyard dollar qazanan Facebook şirkətinə məxsus idi.





































































































