Ərəb ölkələri isə sentyabrın 11-də Səudiyyə Ərəbistanında İŞİD-ə qarşı birgə mübarizəni müzakirə edəcəklər
Bu həftənin cümə axşamı günü Səudiyyə Ərəbistanı Ciddə şəhərində ABŞ, Misir, İordaniya, Türkiyə və digər körfəz ölkələrinin rəsmi nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək.
Türkiyə mətbuatının yazdığına görə, toplantıda İŞİD-ə qarşı mübarizə planları müzakirə olunacaq. Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin yaydığı xəbərdə toplantıda bölgədə terrora qarşı mübarizə və terrorun arxasında dayanan radikal qruplara qarşı fəaliyyət planı hazırlanacaq.
Ehtimal olunur ki, toplantıda ABŞ təklif etdiyi İŞİD-ə qarşı koalisiyanın yaradılması ilə bağlı danışıqlar aparılacaq. Toplantıda adları qeyd olunan ölkələrin yüksək rütbəli dövlət adamları iştirak edəcək.
Bu arada Londonda dərc olunan “Şarq əl-Əvsat” qəzeti İŞİD-in yeni cəbhələr açmağa hazırlandığı haqda xəbər yayıb. Bu barədə qəzetə açıqlama verən yüksək rütbəli İraq rəsmisi bildirib ki, İŞİD-in yeni cəbhələri daha təhlükəsiz bölgələrdə açılacaq.
Adını bildirməyən iraqlı dövlət rəsmisi qeyd edib ki, ABŞ-ın hava zərbələrindən sonra ağır itkilər verən İŞİD Mosul və Diyalə kimi bölgələrdə hücumlarını dayandırıb. Qəzetin yazdığına görə, indi İŞİD silahlı qüvvələrini daha təhlükəsiz ərazilərə yığır.
Verilən məlumatda bu yerin Bağdad yaxınlığı olduğu qeyd edilir. Ehtimal olunur ki, İŞİD məhz Bağdad yaxınlığında mövqelərini möhkəmlətmək və üstünlüyü ələ almağa çalışacaq. İraqlı mənbə onu da bildirib ki, İŞİD artıq sürətli hücum taktikasından istifadə etməklə daha az itki ilə daha çox nəticə əldə etməyə çalışır.
Eyni zamanda onu da bildirib ki, son aylarda İraqda çoxlu sayda könüllülərin silahlı qruplar yaratması və dəstəyin artması İraq ordusunda döyüş ruhunu yüksəldib. Eyni zamanda ABŞ hava zərbələri nəticəsində İŞİD-in əlində olan hərbi texnikaların çox hissəsinin məhv edilməsi terror təşkilatını xeyli zəiflədib.(musavat)
































































































