Dekabrın 7-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Bayden arasında 2 saatdan artıq davam edən görüş baş tutub. Bağlı qapılar arxasında keçirilən müzakirələrdən sonra liderlər mətbuat qarşısında da hər hansı açıqlama verməyiblər.
Görüşdə bir sıra məsələlərə toxunulsa da, əsas diqqət çəkən mövzular Ukrayna idi. Hər iki tərəfin görüş zamanı Ukrayna məsələsi ətrafında öz gözləntiləri var idi:
ABŞ-ın əsas istəyi Rusiyanın Ukraynaya hücum etməyəcəyi ilə bağlı zəmanət əldə etmək idi. Əksər ekspertlərin həmfikir olduğu bu variantla bağlı Rusiya rəsmisi Leonid Slutski Baydenin, ABŞ-ın Əfqanıstandakı uğursuzluğundan sonra, "yeni müharibənin qarşısını almaqla" öz reytinqini yüksəltməyə ehtiyac duyduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Bayden Putinə xəbərdarlıq etdi: "Cavab verəcəyik..."
Rusiyanın əsas niyyəti isə, NATO-nun şərqə doğru genişlənməni saxlayacağı ilə bağlı yazılı zəmanət almaq idi. Çünki Moskva hələ 1990-cı ildə SSRİ qoşunları Almaniyadan çıxarkən NATO Alyansın şərqə doğru genişlənməyəcəyinə söz vermişdi və bu sözə əməl olnmadı. Kremlin “qırmızı xətti” olan bu məsələni şərh edən Putinin köməkçisi Yuri Uşakov “ABŞ Rusiya torpaqlarındakı rus ordusundan narahat olduğu halda, Moskva qlobal miqyasda öz təhlükəsizliyindən narahatdır”, qeyd edib.
Görüşlə bağlı hər iki tərəfin rəsmilərinin verdikləri açıqlamalara istinad edərək söyləyə bilərik ki, liderlər bir-birilərinə qarşı əllərindəki əsas “kozır”ları oynamaqdan çəkinməyiblər.
Bayden və Putinin əsas“rıçakları”
ABŞ liderinin məsləhətçisi Jeyk Sallivan görüşün ardından mətbuata verdiyi açıqlamasında “Şimal Dəhlizi 2” üzərindən Rusiyaya qarşı önəmli təsir “rıçak”larına malik olduqlarını açıqlayıb.
Ağ Evdən gələn ikinci təhdid isə, Rusiyanın Ukraynaya eskalasiyası halında aktivləşdiriləcək olan, “indiyə qədər görülməmiş” iqtisadi sanksiyalardır.
Bunun əvəzində isə, Rusiyanın Ukrayna sərhədlərində dayanmış 100 minlik ordusu Moskvanın bölgədə əlinin nə qədər güclü olduğunu nümayiş etdirdi.
Ukrayna-Rusiya müharibəsi baş verəcəkmi?
İki ölkə sərhədində artan gərginlik və dünya liderlərinin görüşü fonunda hər kəsi maraqlandıran “Müharibə başlayacaqmı?” sualıdır.
Əgər məsələyə hərbi nöqteyi-nəzərdən yanaşsaq, müharibə ehtimalının olduğunu istisna etməmək üçün bir sıra faktları diqqət mərkəzinə gətirə bilərik:
- 6 aya yaxındır Ukryana sərhədlərində gözləyən rus odusu
- Ukraynanın sürətlə ordusunu modernizasiya etməsi
- ABŞ-dan gələn hərbi yardımlar
- Ukrayna rəsmilərinin və Qərb mətbuatının müharibə siqnalları
Lakin siyasi və iqtisadi aspektlər müharibə ehtimallarını minimuma endirir. Belə ki, Bayden həm Putinlə görüşdən əvvəl, həm də sonra Avropa liderləri ilə məsləhətləşmələr aparıb.
Avropanın isə, Ukraynanı Rusiya ilə savaşa sürükləyəcək qədər Kiyevə dəstək verəcəyi heç də inandırıcı görünmür. Eyni zamanda Avropanın əsas gücləri olan Almaniyanın Ağ Evin bütün təzyiqlərinə rəğmən “Şimal Dəhlizi 2”dən imtina etmədiyini və Fransanın ciddi mövqe sərgiləmədiyini nəzərə almaq vacibdir.
Bu səbəbdən də, yaxın perspektivdə Ukraynanın NATO-ya üzv olmasının çox cüzi ehtimal olduğunu, buna paralel olaraq da, Rusiyanın tapdanmış “qırmızı cizgilər”i səbəbindən savaşı başlatmayacağını proqnozlaşdırmaq mümkündür.
Bütün sadalanları nəzərə alaraq, sonda bir neçə nəticəni önə sürə bilərik:
1. Rusiya Ukraynaya böyük müdaxilə etmək niyyətində deyil;
2. Ukraynanın yaxın perspektivdə NATO-ya üzv olmaq ehtimalı azdır;
3. Donbassda lokal toqquşmaların baş verəcəyini proqnozlaşdıra bilərik;
4. ABŞ Rusiyanın regionda güclənməməsi üçün hərbi və iqtisadi dəstəkdən imtina etməyəcək;
5. Ağ Ev hər vəchlə Avropanın Rusiyaya qarşı mövqeyini radikallaşdırmağa çalışacaq.
Murad Əhmədov, Bizim.Media