Öz gözəlliyi ilə hər kəsi ram edən, sovet kinolarınıın sevimli aktrisalarından hesab edilən İren Azər və ya İrina Abdurrzaevna Azər. Bəlkə də çoxunuz onun rol aldığı filmləri sevərək izləmisiniz, lakin Azər soyadını daşıdığını və əsl kimliyindən xəbərsiz olmusunuz.
Bizim.Media bu dəfə İrina Azərin həyat və yaradıcılığından söz açacaq.
İrina Azər 1949-cu i sentyabrın 18-də Bakıda anadan olub. Atası polyak əsilli təyyarəçi Yofan Bakıda hərbi aerodromlardan birində çalışıb. Lakin bir müddət sonra qızına İrina adını qoyaraq onları tərk edib vətənə qayıtmağa məcbur olub.
Anası Qazaxstanlı Liliya Georgiyevna isə Böyük Vətən müharibəsinin iştirakçısı idi.
İrinanın Azər soyadını alması isə anasının ikinci dəfə ailə həyatı qurması ilə bağlıdır. Ögey atası əslən Cənubi Azərbaycandan olan general, məşhur və sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin şəxsi düşməni, Əbdülrza Azər idi.
İranda barəsində ölüm hökmü kəsilən Əbdülrza siyasi mühacir kim SSRİ-dən sığınacaq almaqla həyatını xilas etmişdi. Əvvəlcə o, Bakıda keçmiş zənginlərin iqamətgahında yaşayıb. O, sevimli ögey qızı İrina üçün evin qarşısında dəbdəbəli fəvvarə tikdirmişdi.
Ölümündən bir qədər əvvəl Rza Azər Tehrana qayıdır və 1978-ci ildə vəfat edir. Ögey atasının ölümündən dərhal sonra ölkədə İslam inqilabı baş verir və İrina Rza Azərin onlara vəsiyyət etdiyi mirasdan heç nə almadan bacısı Delaram ilə İranı tərk etməyə məcbur olur.
İrina Azər 16 yaşından (1965-ci ildən 1977-ci ilə qədər) 12 il model kimi çalışıb.
Amma onu uğur modellik sahəsində deyil, kinoda gözləyirmiş. 1968-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan İrina Azər Sergey Gerasimovun qrupunda kino sənətinin sirlərini öyrənir.
Onun karyerası 1966-cı ildən “13 stul” qəlyanaltıxanası” serialından başlayıb. O, serialda eyni zamanda 2 rol oynayaraq (Olqa və Karolina) öz bacarığını nümayiş etdirmişdi.
Amma aktrisanı populyarlaşdıran növbəti ekran işi “Azadlıq: Alovlu qövs” filmi olur. Filmdə o, rabitəçi Tanya rolunu canlandırır və sonradan bir neçə dəfə bu rola qayıdır.
70-ci illər İren Azərin yaradıcılığına daha bir uğurlu obraz - “Böyük dəyişikliklər” 4 seriyalı komediya filmində yaratdığı cazibədar Lyuska olur. Baş qəhrəman Gena Lyapişev onun gözəl simasını gördükdən sonra, İrinanı “SSRİ-nin Merilin Monro”su adlandırırlar.
Yaradıcılığının sonrakı illərində İren Azər “Akvanavtlar”, “Ağ qu quşularına atəş açmayın”, “Sirli farvater”, “Əziz oğlan” və “Rezidentin qayıdışı” kimi filmlərə çəkilir.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə kinosənaye də ciddi zədə alır. Artıq filmlərə çağırılmayan aktrisa sahəsini dəyişmək qərarı alır və ticarətə başlayır. Şəxsi həyatına gəldikdə isə o sevənlərinin çox olmasına baxmayaraq, jurnalist Yuri Şvartsla ailə həyatı qurmağa qərar verir.
Lakin gözəlliyinə rəğmən İrina həyat yoldaşının ona Leninqrada çəkiliş üçün gələn amerikalı kino ulduzu Natali Vudla xəyanət etməyindən şübhələnir. Və bu evlilik sarsılmağa başlayır. Onların bu evliliyindən 1975-ci ildə Viktoriya adlı övladları olur.
İrina "Aquanauts" filmindəki partnyoru German Poloskov ilə münasibət qurmağa başlayandan sonra Yuri Şvartsa yəni birinci həyat yoldaşına Poloskova aşiq olduğunu səmimi şəkildə etiraf edir və onlar boşanırlar.
Lakin bu münasibət də uzun çəkmir. 1991-ci ildə artıq boşanmış, himayəsində azyaşlı övladı olan, çoxlu eşq macəraları yaşamış, karyerasının ən aşağı nöqtəsinə çatmış İreni yeni sınaqları gözləyirdi. Aktrisa ev almaq fikrinə gəlir, lakin işbaz böyük məbləğdə pul vəsaiti ilə onu aldadır.
Daha sonra Vladimir adlı ikinci həyat yoldaşının vəfatı onu dərin sarsıdır və içkiyə qurşanır. Zamanla bəlalar onun yaxasından əl çəkmir. Onda Hepatit C aşkar olunur. Hələ bunlar azmış kimi 2002-ci ildə 45 yaşlı kiçik bacısı Dilaram Azər öz həyatına qəsd edir. Bacısının itkisi də ona bir ayrı travma yaşadır.
Qızı Viktoriya evləndikdən sonra ABŞ-a köçür və bir neçə il sonra anasını da yanına çağırır. Bu İrina Azərin həyatının yeni mərhələsi hesab edilir.
Los-Ancelesdə yaşayan qızı Viktoriyanın Oskar və Yura adlı iki oğlu var. Və nənə olan 72 yaşlı keçmiş aktrisa İrina Azər bir daha karyerasına qayıtmır. 2014- cü ildə jurnalistlərə açıqlamasında sakit, qayğısız həyat yaşadığını və bu halından məmnun olduğunu bildirir.
Həmçinin o yaşadığı illərlə bağlı xatirə kitabı yazdığını da diqqətə çatdırıb.
Səkinə Yusibli, Bizim.Media