ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Szinpin video formatda ilk görüşlərini keçiriblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yayılıb.
Mənbə yazır ki, liderlər bir neçə saat ərzində fikir ayrılıqlarını, eləcə də iki ölkənin əməkdaşlıq edə biləcəyini və digər sahələri müzakirə ediblər.
Onlar əvvəllər iki dəfə telefonla danışıblar. Amerika nəşrləri yazır ki, Ağ Ev şəxsi görüşə ümid edir, lakin Si Szinpin xaricə getməyə hazır deyil. O, iki ilə yaxındır ki, Çini tərk etməyib.
Video görüşdə Co Bayden vurğulayıb ki, iki dünya liderinin vəzifəsi bu supergüclər arasında rəqabətin “münaqişəyə çevrilməsinin” qarşısını almaqdır.
ÇXR rəhbəri də öz növbəsində amerikalı siyasətçini “köhnə dost” adlandırıb və əmin olduğunu bildirib ki, “Çin və ABŞ kommunikasiya və əməkdaşlığı genişləndirməlidir”.
Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə bildirib ki, ABŞ prezidenti Co Bayden və Çin sədri Si Szinpin arasında söhbət qarşılıqlı hörmət əsnasında təxminən 3,5 saat davam edib.
Amerika rəsmisi bildirib ki, onlayn görüşdə heç bir irəliləyiş olmayıb:
“Ümumilikdə Vaşinqton bu danışıqları dönüş nöqtəsi hesab etmir”.
Qadın məmur həmçinin qeyd edib ki, ki, söhbət zamanı Pekində baş tutacaq Olimpiada mövzusuna toxunulmayıb.
Bayden və Si Szinpin onlayn sammitdə pandemiya ilə mübarizəni də müzakirə ediblər. Prezident Bayden Pekinin Çin Tibet Muxtar Bölgəsi, Sincan-Uyğur Muxtar Bölgəsi və Honq Konq Xüsusi İnzibati Bölgəsi ilə bağlı hərəkətlərindən narahatlığını ifadə edib.
Ağ Evin rəhbəri Çin lideri ilə eyni zamanda Hind-Sakit Okean regionunun əhəmiyyətindən danışıb, Vaşinqtonun bu geniş coğrafi ərazidə öz öhdəliklərini yerinə yetirməkdə qərarlı olduğunu bildirib.
Bu virtual sammit Baydenin yanvarda vəzifəyə başlamasından sonra Çin lideri ilə ilk rəsmi görüşüdür. Bundan əvvəl ÇXR və ABŞ rəhbərləri arasında mesajlar və telefon danışıqları olub.
Sonuncusu sentyabrın 10-da baş tutub. Bundan əlavə, siyasətçilər Baydenin ABŞ-ın vitse-prezidenti olduğu dövrdə mütəmadi olaraq təmasda olublar.
Bizim.Media