Dünən Roma Papası Fransisk ABŞ Prezidenti Co Baydeni və həyat yoldaşı Cill Baydeni qəbul edib. Həvarilər Sarayında papanın şəxsi kitabxanasında keçirilən görüş saat yarımadək davam edib. Görüş mediaya qapalı keçirildiyindən təfərrüatı məlum deyil.
Bizim.Media xəbər verir ki, bu, Co Baydenin prezident seçiləndən sonra Vatikana ilk səfəri, eyni zamanda Papa Fransisklə dördüncü görüşüdür.
Bundan əlavə, Co Bayden Roma Papası ilə görüşən ABŞ-ın sayca ikinci katolik prezidentidir.
Alınan son məlumata görə, Roma Papası Fransisk və ABŞ Prezidenti Cozef Bayden arasında Vatikanda keçirilmiş görüş zamanı pandemiya ilə mübarizə və iqlim böhranının aradan qaldırılması məsələləri müzakirə olunub.
İnformasiyanı Ağ Evin Mətbuat Xidməti yayıb.
“ABŞ Prezidenti Roma Papası Fransiskin iqlim böhranı ilə mübarizəyə rəhbərlik etməsini, həmçinin vaksinlərin bölüşdürülməsi və dünya iqtisadiyyatının bərabər səviyyədə bərpa olunması hesabına pandemiyaya son qoyulmasının təmin edilməsinə fəal dəstəyini yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilib.
Bizim.Media