Polşanın paytaxtı Varşavada “Whisky Live Warsaw” festivalı keçirilib.
Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycan şirkətlərinin istehsal etdiyi spirtli içkilər festivalda “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Festivala Polşa, Slovakiya, ABŞ, Hindistan, Şotlandiya, İngiltərə, İrlandiya, Yaponiya, Meksika və digər ölkələrdən 50-dək istehsalçı şirkət qatılıb.
“Whisky Live Warsaw” festivalında “Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb. Azərbaycanın nardan hazırlanan şərabları, müxtəlif növ meyvə araqları, brendiləri, viskiləri, konyakları nümayiş etdirilib.
Festival çərçivəsində Polşa və digər Avropa ölkələrində spirtli içkilərin satışı ilə məşğul ticarət şəbəkələri ilə Azərbaycan məhsullarının satışına dair danışıqlar aparılıb.
Qeyd edək ki, Azərbaycan şirkətləri bu festivalda artıq üçüncü dəfədir iştirak edir.
Bizim.Media