Teatrlar yeni mövsümə HAZIRDIR – “Qarabağnamə” ilə BAŞLAYIRIQ

Hazırda oxunan: Teatrlar yeni mövsümə HAZIRDIR – “Qarabağnamə” ilə BAŞLAYIRIQ

40272

Uzun fasilədən sonra teatrlar yeni səhnə əsərləri ilə mövsümə start veriblər. Pandemiya səbəbindən fəaliyyətinə məhdudiyyət qoyulan teatrlar yeni mövsümlə bağlı hazırlıq işlərini də bitiriblər. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə  tearlara giriş yalnız COVID pasportu və bununla bağlı müvafiq sənədlərlə mümkün olacaq. 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında deyib ki, oktyabrın 15-də teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən teatr və kinoteatrlar AÇILIR


“Oktyabrın 1-dən cari ilin vertuarında olan tamaşaların məşqlərinə start verilib. Bu tamaşaların məşqləri səhər və axşam olmaqla, gündə 2 dəfə intensiv olmaqla həyata keçirilir. Operativ Qərargahın təlimatına əsasən teatr müəssisələrinin fəaliyyətinə yalnız o şərtlə icazə verilib ki, bütün karantin qaydalarına riayət olunsun və zal 50 faiz tamaşaçı tutumundan artıq olmasın. Buna birmənalı şəkildə əməl olunacaq. COVID pasportu və tibbi maska mütləq şəkildə qapıda tələb olunacaq. Bundan əlavə teatrın daxilində ara məsafəsi gözləniləcək”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın 112-ci mövsümünü oktyabrın 30-da "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) tamaşası ilə açacaqlarını bildirib:

“Biz hər il yeni teatr mövsümünü dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə açırdıq.  Bu dəfə də ənənəmizə sadiq qalmışıq. 31 oktyabr saat 19:00-da i "Qızıl Toy" (O.Kazımi, R.Heydər)  tamaşasını nümayiş etdirəcəyik. Bu tamaşa  mərhum sənətkarımız, Xalq artisti Ramiz Məmmədovun 70 illiyinə ithaf olunur”.

Teatr rəsmisi xatırladıb ki, tamaşaçılarımızın teatra girişinə COVID pasportu ilə icazə veriləcək, onlardan pandemiya qaydalarına, sanitar-gigiyenik normalara ciddi əməl etmələri, maska taxmaları, tamaşa zalında oturacaqlararası məsafəni gözləmələri tələb olunacaq:

“Ümid edirik ki, bütün çətinlik və maneələrə baxmayaraq, tezliklə Akademik Musiqili Teatr əvvəlki məcrasına qayıdacaq və təxirə salınmış bir çox layihələrini yenidən reallaşdıracaq".

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə grə ilk tamaşa oktyabrın 9-da baş tutacaq: 

"Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baleti və rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş ediləcək. Oktyabrın 10-da isə Fikrət Əmirovun "Sevil" operası olacaq. Teatrımızda sentyabrda iki tamaşamız nümayiş edilib. Bütün pandemiya qaydalarına riayət edilərək keçirilib. Nə qədər ki, pandemiya davam edəcək, karantin qaydalarına ciddi əməl olunacaq".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva teatrın böyük zalıında hələ də təmir işlərinin bitmədiyini qeyd edib:

“Oktyabrın 15-dən etibarən “Tık-tık xanım” və “Varislər” tamaşaları ilə yeni mövsümə start verəcəyik. Teatrın böyük zalı hazırda təmirdə olduğu üçün  bəzi tamaşalar Rəşid Behbudov adına Mahnı Teatrı və Kukla Teatrınıın səhnələrində nümayiş olunacaq. Hansı tamaşanın harada nümayiş olunacağı barədə tamaşaçılara kassalardan biletləri əldə edən zaman bildiriləcək”.

Pərvin Nurəliyeva həmçinin Operativ Qərargahın peyvənd pasportu və maska tələbini də xatırladıb. Həmçinin deyib ki, zalın 50 faizi doldurulmaqla tamaşaların nümayişi mümkün olacaq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin