Elon Mask Bill Qeytsi üstələyərək, “Bloomberg”-in açıqladığı dünyanın ən varlı insanları siyahısında ikinci yerə çıxıb. Hal-hazırda onun yalnız bir rəqibi var.
Bizim.Media “CNN News”-a istinadən xəbər verir ki, elektromobil istehsalçısı Tesla şirkətinin 49 yaşındakı icraçı direktoru və qurucusu İlon Mask, Microsoft-un qurucusunu keçərək dünyanın ən varlı ikinci adamı olub və Bill Qeytsi “taxtından” endirib.
Bloomberg Milyarderlər İndeksinə görə, Mask, 2020-ci ilin əvvəlində indeksdə 35-ci yeri tuturdu.
Mask, 2020-ci il ərzində sərvətinin xalis dəyərinə 100,3 milyard dollar əlavə edib. Tesla-nın davamlı artan bazar dəyəri isə 500 milyard dollara çatıb.
Mask-ın sərvətinin təxminən dörddə üçü “Tesla” səhmlərindən ibarətdir.
Dünyada ilin əvvəlindən bu yana sərvətini ən çox artıran adam Mask-dır, Amazonun icraçı direktoru Ceff Bezos isə 67 milyard dollarlıq sərvət artımı ilə onun ardınca gəlir.
Tesla səhmləri, bazar ertəsi, əməliyyat günündə 6,58% bahalaşaraq 521,85 dollara çataraq indiyədək ən yüksək bağlanışını edib. İl ərzində Tesla səhmləri 500%-dən çox bahalaşıb.
Yusibli Səkinə, Bizim.Media