“LUKoil” bu Latın Amerikası ölkəsində siyasi risklərdən ehtiyat edərək neft müqaviləsindəki payını satır
“LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov Venesueladakı neft aktivlərini satışa çıxarır. Virtualaz.org xarici qaynaqlara istinadən bildirir ki, azərbaycanlı neft maqnatının şirkəti Venesueladakı “Xunin-6” layihəsindən çıxmağa hazırlaşır.
“Xunin-6” Venesuelanın ən iri neft yataqlarından biridir. Bundan əvvəl həmin layihəni Rusiyanın “Surqutneftqaz” şirkəti tərk etmişdi.
Məlum olub ki, “LUKoil” Venesuelanı tərk etmək qərarı haqda öz tərəfdaşları olan “Rosneft” və “Qazprom”u rəsmi məktubla məlumatlandırıb. Şirkət bu Latın Amerikası ölkəsindəki iri neft yatağındakı 20 faizlik payını 200 milyon dollara satmaq niyyətindədir.
Xəbərə görə, V.Ələkbərov Venesueladakı aktivlərini “Rosneft”ə satmağı təklif edib və bu məsələni şirkətin rəhbəri İqor Seçinlə müzakirə edib. Lakin Seçin “LUKoil”in Venesueladakı payını almağa xüsusi maraq göstərməyib.
Eyni zamanda bildirilir ki, “LUKoil” Venesuelanı tərk etmək qərarını hələ rəsmən təsdiqləmir. Analitiklərin qənaətinə görə, “LUKoil”in Venesuelanı tərk etmək qərarı bu ölkədə siyasi risklərin artması ilə bağlıdır. Əks halda V.Ələkbərov geosiyasi əhəmiyyət daşıyan bu biznes aktivlərini satmazdı.



































































































