Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı biznesmen və tikinti maqnatı Mehrac Babayevin oğlu Ziya Babayev Moskvanın Vnukovo aeroportunda saxlanılıb.
Bizim.Media virtualaz.org-a istinadən xəbər verir ki, Ziya Babayev gizli yollarla ölkəyə ümumi dəyəri 36 milyon rubl olan (830 min manata yaxın) qızıl-zinyət əşyalarını keçirmək istəyib.
O, İstanbul-Moskva reysi ilə qayıdırmış və gömrükçülər tərəfindən yoxlama üçün dayandırılıb.
Yoxlama zamanı oliqarxın oğlundan “Breguet” saatları, “Tiffani” və “Dior” brendlərindən olan zinət əşyaları tapılıb. Bildirilir ki, gömrük rüsumlarını ödəməkdən yayınmaq cəhdinə görə Ziya Babayevi 7 ilə qədər həbs gözləyir. Habelə ona qarşı strateji mühüm materialların qaçaqmalçılığı ittihamı da irəli sürülə bilər, çünki məmulatların bəziləri platin və titandan hazırlanıb. Bu ittiham üzrə də onu 7 ilədək həbs gözləyərdi.
Mehrac Babayev Rusiyanın orta Şərqində böyük tikinti biznesinə malikdir və onun “Verso” şirkətlər qrupu çoxsaylı yaşayış komplekslərinin inşasını həyata keçirib.
Babayev Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu hesab edilir və Bakıda “Jurnalistlər binası”nın tikintisini podratçı qismində onun şirkəti həyata keçirib. Hazırda bu binanın tikintisində yol verilmiş milyonlarla manatlıq korrupsiya işi üzrə məhkəmə gedir.
Mehrac Babayevin oğlu isə hələ 2009-cu ildə, İsveçrədə təhsil alarkən törətdiyi səs-küylü qəza ilə məşhurlaşıb və qalmaqala səbəb olub.
Həmin il Ziya Babayev və daha iki zəngin dostu idarə etdiyi superbahalı avtomobillərlə Cenevrə küçələrində sürət yarışına çıxıblar. Bu zaman Babayevin idarə etdiyi “Lamborghini” pensiyaçının idarə etdiyi “Volkswagen Golf” avtomobilini vurub və sürücü ağır xəsarət alıb. Bu hadisə o vaxt Avropa, Rusiya və Azərbaycan mətbuatında böyük səs-küyə səbəb olmuşdu.
Bizim.Media