Müstəqil Türkmənistan tarixində ilk və yeganə Olimpiya mükafatçısı Polina Quryeva əməkdar idman ustası olub, avtomobil və mənzil alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistanın yarı rəsmi internet nəşri məlumat yayıb.
Polina Quryevaya 50 min Amerika dolları, Aşqabadda üç otaqlı mənzil və Lexus LX 570 Sport Plus avtomobili verilib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından hədiyyələri idmançıya Baş nazirin müavini Serdar Berdiməhəmmədov təqdim edib.
Mükafatlandırma mərasimi 21 avqust tarixində Aşqabadın Olimpiya şəhərçiyində baş tutub.
"Turkmenportal" nəşri Türkmənistan Prezidentinin imzaladığı fəxri adın verilməsi haqqında fərmanın Nazirlər Kabineti sədrinin müavini, Türkmənistanın əməkdar məşqçisi Serdar Berdiməhəmmədov tərəfindən oxunduğunu yazıb.
Ağır atlet Polina Quryeva ölkənin müstəqillik tarixində ilk Olimpiya medalını qazanıb. O, iyunun 27 -də Tokio Olimpiadasında 59 kq çəki dərəcəsində ağırlıqqaldırma yarışlarında gümüş medal qazanıb. Quryeva təkanla qaldırmada 217 kq (96 + 121) toplayıb.
30 illik müstəqillik tarixində Türkmən idmançılar Olimpiya Oyunlarında medal qazana bilməyiblər. Keçmişdə Türkmənistan idmançıları ölkə Sovet İttifaqının tərkibində olanda SSRİ üçün yarışaraq Olimpiya Oyunlarında qızıl medal qazanıblar.
Dövlət mətbuatı müasir Türkmənistanın idman nailiyyətləri tarixində ilk medalın əldə edilməsini geniş şəkildə işıqlandırmayıb.
Tokio Olimpiadasına 9 türkmən idmançı qatılıb. Ölkənin Olimpiadadakı nümayəndə heyətinə Türkmənistan Prezidentinin oğlu, Baş nazirin müavini Serdar Berdiməhəmmədov başçılıq edib.
Bizim.Media