Pandemiya və Moda: Epidemiyaların dəbə təsiri

Hazırda oxunan: Pandemiya və Moda: Epidemiyaların dəbə təsiri

3360

Hal-hazırda dünyanın gündəmində olan COVİD-19 pandemiyası insanlara yeni vərdişlər öyrətdi. Onlardan biri də evə qapanmaq, sakit həyat tərzi sürməkdir. Təbii ki, bu vərdişlər istər yerli, istərsə də qolbal iqtisadiyyata böyük zərər vurdu. Böyük iş sektorları bağlandı. Bu nöqtədə ağlımıza gələn ilk sektorlardan biri modadır. Pandemiyanın zərərlərindən daha çox pay almış sahə sayılan geyim-moda sektorudur. Lakin tarixə nəzər saldıqda, moda dediklərimizin əslində insan fəaliyyətinin və baş verənlərin nəticəsi olduğunu görə bilərik.

Gəlin, tarix boyu baş verən pandemiya və epidemiyaların modaya necə təsir etdiyinə nəzər salaq.

Maska ənənəsi ta 14-cü əsrdən gəlib çatır. Belə ki, Venesiyanın bəlasına çevrilən Taun epidemiyası ölkədə kütləvi ölümlərə səbəb olurdu. Sağ qalanlar isə ömürlük onlarla qalacaq yara və ləkələrin əsirinə çevrilirdi. Daha sonra çözüm yolu tapan venesiyalılar simalarındakı bu eybəcərliyin görünməməsi üçün parçadan maska tikirlər və geyimlərini uzadırlar. Bu fasonlar daha sonra Venesiyada dəb halına düşdü. Bu ənənə günümüzə qədər gəlib çıxıb. Rəngli-naxışlı maskalar, uzun əlbisələr günümüzdə hələ də dəbdə və geyinilməkdədir.

Demək olar ki, dünya 3 dəfə Taun epidemiyasından əziyyət çəkib. İnsanlar xəstəliyin yayılmasında insan bədənindən ifraz olunan mayeni və ya havada olan zəhərli qazları səbəb kimi görürdülər. Taun qurbanlarına qulluq edən həkimlər o vaxtdan bəri qara rəngli kostyum geyinirlər. Özlərini başdan ayağa qədər bürüyürdülər. Və 15 sm uzunluğuna olan “Dottore Peste” adlanan qarğayabənzər bir maska ​​taxırdılar.

Britaniya Krallığının zirvəsi sayılan Viktoriya dövrü də epidemiya səbəbli ölümlərlə yadda qalıb. Belə ki difteriya, tifo qızdırması və vəba epidemiyası ölkədə çox sayda ölümlərə səbəb olub.




İngiltərə Kraliçası I Yelizaveta, 29 yaşındaykən, 16-cı əsrdə minlərlə insanın ölümünə səbəb olan çiçək xəstəliyinə tutulub.

Kraliça xəstəliyə qalib gəlsə də, üzündə xəstəlik sonrası ləkələr qalmağa başlayıb. Üzündəki izləri örtmək üçün üzünə “təlxək makiyaj”-ı edib. Dərisindəki sağalmayan yaraları isə ağ ənlik tozu ilə örtüb. Əsrlər sonra, Kraliça I Yelizavetanın portretlərdə və hətta çəkildiyi o dövr filmlərində üzünün hədsiz dərəcədə ağ görünmə səbəbinin epidemiya ilə bağlı olduğu sonradan ortaya çıxıb. Həmin əsrdə İngiltərə camaatı kraliçanın görünüşünə heyran qalır, ağ dərini zadəganlıq əlaməti sayırdı.

1800-cü illərdə isə sinif, irq və cinsiyyət ayrı-seçkiliyinin və sosial təbəqə fərqlərinin gücləndiyi bir dövrdə “Krinolin” qadın geyim modası yuxarı təbəqənin estetik zövqünə oxşamağa başladı. Bu ətəklərin gen həcmini və ətəklərin halqa çoxluğu isə dövrün epidemiya xəstəlikləri olan vəba və çiçəkdən qorunmaq üçün insanlar arasındakı sosial-məsafənin qorunmasında effektiv nəticə verib.




19-cu əsrdə Avropada epidemiyalar yalnız qadın modasına deyil, həm də kişi dəbinə də təsirini göstərib. Belə ki, burjua cəmiyyətində heç bir kişi çölə əlcəksiz çıxa bilmirdi. Həmin vaxt viruslardan qorunmaq üçün istifadə edilirdisə sonradan bu aksessuar olaraq dəbə minməyə başlayıb.

1-ci Dünya müharibəsindən sonra “İspan qripi” yayılmağa başladı. Qadınlar şlyapa və eynəklə yanaşı digər aksessuarlardan sosial-məsafəni gözləmək üçün istifadə etməyə başladılar. Lakin kişilər üçün bu heç də asan olmadı. Onların bu modanı mənimsəməsi çox zaman aldı. Hakimiyyət maskanın yanlız qadınlara aid olduğunu düşünən kişilərə belə güclü təbliğat və təşviqat işləri ilə onların maska taxmasına nail olub.

21-ci əsrdə isə meydana çıxan Koronavirus səbəbi ilə maska və əlcəklərin həyatımızda əhəmiyyətli yeri hamımıza bəllidir.

Və bu şübhəsiz deyil ki, uzun müddət də bu aksessuarlar bizi asanlıqla tərk etməyəcək.



Digər tərəfdən, Kolorado Dövlət Universitetində təhsil alan Yan Vivian Li və Toni Vindel, bakteriyalarla təmasda rəng dəyişdirən parça istehsal etmək və xaricdən müdaxilə olarkən, geyimdə qoruyucu qalxan funksiyasının yaradılması mexanizmi üzərində təqdiqatlar aparırlar.
Tarix boyu həm epidemiya həm də epidemiyanın buraxdığı sağalmaz izləri aradan qaldırmaq üçün dəb halına salınan rəngli maskalar və geyimlər indi karnavallarda istifadə olunur.

Yelizavetanın ölümcül görünüşü dövrünün gözəllik simvolu sayıldığını nəzərə alsaq, bəlkə də hal-hazırda məcbur olaraq taxdığımız maskaların dəb olaraq min çeşidi yaradılacaq. Bəlkə də yüz illər sonra bizlərin də istifadə etdiyi bu maskalar tarixdə gözəl bir dəbə səbəb olması kimi insanlara təqdim olunacaq. Kim bilir?!

Yusibli Səkinə, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin