AMERİKALI EKSPERT: Azərbaycan, Türkiyə və Rusiya qalibdir, İran və Ermənistan isə...

Hazırda oxunan: AMERİKALI EKSPERT: Azərbaycan, Türkiyə və Rusiya qalibdir, İran və Ermənistan isə...

3335

Münaqişədə şübhəsiz Azərbaycan ən böyük qalibdir. Çünki 1990-cı illərin əvvəllərindən bəri erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edib. 

Bizim.Media arabnews.com saytına istinadən məlumat verir ki, bu fikirləri ABŞ siyasi eksperti, Heritage Fondunun, Douglas və Sarah Allison Xarici Siyasət Mərkəzinin direktoru Luk Koffi söyləyib.

Ciddi hərbi qələbəyə baxmayaraq müəllif, Rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsini rəsmi Bakının udmalı olduğu “acı həb” adlandırıb. Luk Koffi məqaləsində Qarabağ münaqişəsinin tarixinə yer verib və 44 günlük müharibəyə qədər keçən zaman ərzində atılan addımlara toxunub. Regionda baş verən müharibənin fərqli geosiyasi reallıq yaratdığını qeyd edən müəllif, region dövlətlərinin bu yeni reallıqda nə üçün qalib və ya məğlub olduqlarını əsaslandırmağa çalışıb.

Müəllifin fikrincə, bölgədə digər qalib tərəf isə Rusiyadır. Buna səbəb kimi, Rusiyanın öz kiçik sülhməramlı hissələrini bölgədə yerləşdirə bildiyini qeyd edir. Hansı ki, bu 1994-cü ildəki atəşkəsindən bəri Rusiyanın etmək istədiyi ən vacib şey idi.

İran isə müəllifin fikrincə, münaqişədən məğlub çıxan tərəfdir. Çünki şimal sərhədində qələbənin təsiri ilə cəsarətlənmiş Azərbaycan və zəifləmiş Ermənistanın yer aldığı yeni bir geosiyasi reallıq yaranıb. İran bu illər ərzində Ermənistan və Azərbaycanla əlaqələrini davam etdirib. Lakin Azərbaycanla səmimi münasibətlərə baxmayaraq, İranda azərbaycanlı əhali ilə bağlı gərginlik də yaşanmaqdadır.

İrandakı azərbaycanlı əhalidə az da olsa muxtariyyət və öz müqəddəratını təyin etmək istəklərinin olduğunu qeyd edən müəllif, bu istəyin ciddi bir hərəkat halını almasa da ən azından Tehrandakıları narahat edəcək dərəcədə olduğunu düşünür. İranın məğlub olmasının digər səbəbi kimi isə Luk Koffi, Azərbaycanla sərhəddəki yeni geosiyasi reallığa ayaq uydurmaq üçün şimal sərhəddinə cddi vaxt, vəsait və qoşun sərf etməyə məcbur olmasını görür. Bu da öz növbəsində İranın Körfəz və Suriyaya daha az diqqət yetirməsi demək olacaq.

Ekspert yeni geosiyasi vəziyyətin gələcək perspektivdə İrana təsirləri qeyri-müəyyən olduğu halda Türkiyənin regiondakı təsirini gücləndirdiyini düşünür. Türkiyə qalibdir, çünki son hadisələrin fonunda Cənubi Qafqazdakı güc tarazlığı tədricən Moskvadan uzaqlaşıb və Ankaraya yaxınlaşıb.

"İllərdir bir çox şərhçi Ankara ilə Moskva arasında xüsusi bir yaxınlaşma olduğunu iddia edir. Ancaq vəziyyəti daha yaxından izləyənlər və tarixi daha yaxşı başa düşənlər bilir ki, Türkiyə və Rusiyanın təbii vəziyyəti rəqabət və ziddiyyətlə xaratkerikdir”- deyə müəllif qeyd edir.

Bu amil Suriya, Liviya və hətta Ukrayna kimi bölgəlrədə də açıq aydın görünür. Son dövrlərdə Azərbaycanın döyüş meydanında qazandığı uğurlar və Ankaranın Bakıya dəstəyi isə bunun bariz nümunəsidir.

Luk Koffi münaqişənin ən böyük məğlub tərəfinin isə Ermənistan olduğunu qeyd edir. Çünki Ermənistan ciddi hərbi məğlubiyyət alıb və bütün hərbi qüvvələrinin 40%-ə yaxını Azərbaycan ordusu tərəfindən ya məhv edilib, ya da qənimət olaraq götürülüb. Digər tərəfdən cəbhədəki məğlubiyyət Ermənistandakı daxili çəkişmələri də gücləndirib.

Müəllif öz növbəsində regionun gələcəyinin qarşıdakı illərdə qaliblərin və məğlubların necə davranacağından asılı olduğunu qeyd edib. Bölgədə sabitliyin təmin olunması da birbaşa olaraq bu amildən asılıdır.

Rəvan Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin