Fransada yeni növ koronavirus (Kovid-19) qanununun nəzərdə tutduğu məhdudiyyətlərə və peyvənd öhdəliyinə qarşı etiraz nümayişləri keçirilir. Nümayişlər paytaxt Parisin mərkəzi meydanlarında və digər böyük şəhərlərdə ardıcıl 5 həftədir ki, davam edir.
Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, ölkənin 200-dən çox nöqtəsində keçirilən etiraz aksiyalarına 214 mindən çox insan iştirak edir.
Nümayişlər zamanı 11 nəfər saxlanılarkən 1 təhlükəsizlik əməkdaşı yaralanıb. Ötən həftə etiraz aksiyalarına 237 min adamın qatıldığı bildirildi.
MÖVZU İLƏ BAĞLI:
Fransada 100 minlərlə insan küçələrə axışdı - SƏBƏB
Qeyd edək ki, Fransa Konstitusiya Şurası 5 avqust tarixində koronavirusa qarşı mübarizə çərçivəsində yeni qanun layihəsini (“Covid-19 ilə mübarizə haqqında qanun”) qəbul edib.
9 avqustda qüvvəyə minməsi nəzərdə tutulan qanun çərçivəsində vətəndaşlar bölgələrarası səyahətlər istisna olmaqla, 50 nəfərdən artıq tutumu olan qapalı məkanlar, xəstəxanalar, qocalar evləri, alış-veriş mərkəzləri, restoranlar, kafelər, kinoteatrlar, muzeylərə və əyləncə parklarına daxil olmaq üçün peyvənd olunduqlarını sübut edən sənəd tədqim etməlidirlər.
Vətəndaşlar isə bu qanun layihəsini "sağlamlıq diktaturası" hesab edir və hökümətin pandemiyadan istifadə etməklə insanların azadlıqlarını məhdudlaşdırdığını düşünürlər.
Rəvan Əliyev, Bizim.Media