Əfqanıstanın tanınmış hərbiçilərindən hesab olunan və “Herat aslanı” kimi tanınan İsmayıl Xanın Taliban qruplaşmasına təslim olduğu bildirilir.
İsmayıl Xan təxminən bir ay əvvəl Talibana qarşı müqavimət göstərəcəyini elan etmiş və xalqı mübarizəyə səsləmişdi.
75 yaşındakı İsmayıl Xan, Əfqanıstanın qərbində üçüncü ən böyük şəhər olan və İrana yaxın olduğu üçün strateji əhəmiyyətə malik Herat şəhərində böyük təsirə və nüfuza sahib idi.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Taliban paytaxt Kabilə girdi
Taliban tərəfindən mühasirəyə alınan Herat, cümə axşamı ələ keçirilib. Lakin İsmayıl Xanın taleyi barəsində uzun müddət idi ki, məlumat yox idi.
Bu gün isə Taliban rəsmiləri İsmayıl Xanın təslim olduğunu elan edib. Xanın təhlükəsiz şəraitdə olduğunu bildirən mətbuat katibi Camal Nasir Həbibi, onunla razılıq əldə edildiyini və yenidən iqamətgahına qaytarılacağını qeyd edib.
Taliban İsmayıl Xanın video görüntülərini də yayımlayıb. Videoda o, "Birlikdə firavan bir həyat yaşaya bilmək üçün insanlarla yaxşı rəftar etməli və gözəl duyğulara sahib insanlarla görüşməliyik" deyərək xalqa müraciət edir.
"Ümid edirik ki, bütün qardaş və bacılarımız ölkədə dinc mühit yaradacaq və bu mübarizəni sonlandıracaq, Əfqanıstana sülh və sabitlik qayıdacaq", deyə İsmayıl Xan qeyd edib.
Xatırladaq ki, İsmayıl Xan 90-cı illərdə Əfqanıstanda Talibana qarşı mübarizə aparan tanınmış şəxslərdən hesab olunurdu. Son aylarda Əfqan hökumətini sürətlə pisləşən vəziyyətə görə günahlandıran Xan, ordunu qətiyyət göstərməyə və Talibanla cəsarətlə mübarizə aparmağa çağırırdı.
Rəvan Əliyev, Bizim.Media