Prezident İlham Əliyevin növbəti sərəncamıyla bir neçə ölkəyə yeni səfir təyinatları olsa da bu dəfə də İraqda səfirliyimizin açılması ertələndi. Halbuki hələ 2010-cu ilin 12 noyabrında İraqın paytaxtı Bağdadda Azərbaycan Respublikasının səfirliyinin açılması üçün prezident sərəncamı var idi.
Elə Moderator.az-a zəng vuraraq öz gileyini bildirən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanın da narahatçılığı bu barədədir. Müsahibimiz deyir ki, hər dəfə ölkələrə səfir təyinatı gerçəkləşərkən Bağdadın “yaddan çıxması” onu həm təəssüfləndirir, həm də əndişələndirir. Tahir Süleyman qeyd etdi ki, avqustun 24-26 arasında Ərbildə Kürdüstanın prezidenti Məsud Bərzaninin təşkilatçılığıyla çox möhtəşəm konfransın düzənlənəcəyi gözlənilir . Maraqlıdır ki, bu konfrans Abdulla Öcalanın təklifi və Türkiyə hökumətinin dəstəyi ilə kerçəkləşdirilir.
Tahir Süleyman onu da bildirdi ki, Prezident Administrasiyasına müraciət edərək ölkə rəsmilərindən kiminsə həmin tədbirdə iştirak edib-etməyəcəyi və göndərilmiş dəvətnamələrin hansı formada cavablandırılacağıyla maraqlansa da ona yetərli məlumat verilməyib. “Diplomat”ın baş redaktoru deyir ki, artıq Azərbaycan hökumətinin tərəddüdlü siyasət yürütməsi erməniləri xeyli həvəsləndirib və onlar Kürdüstan parlamentinə müraciət edərək qondarma erməni soyqırımının tanınmasını xahiş ediblər:
“Ancaq biz onları qabaqlamalıyıq. Unutmamalıyıq ki, Kürdüstanda cəmisi bir ovuc-təxminən 15 min erməni yaşadığı halda 2, 5 milyon türkmən, 5 milyondan yuxarı kürd qardaşlarımız yaşayır. Hələ də anlaya bilmirəm ki, niyə iqtisadi böhran içində can verən Ermənistanın Bağdadda səfirliyi, Ərbildə konsulluğu olduğu halda Azərbaycan bu imkandan istifadə etmir? Ermənilər artıq Bağdadda kilsə tikintisinə başlayıblar, ancaq biz hələ də nəyisə gözləyirik. Ancaq mən anlamıram ki, nəyi...?!”
































































































